BAKI, 21 fev — Sputnik. Bazar günü istirahətini səmərəli keçirmək istəyənləri Bakı şəhərinin teatrında nümayiş olunacaq tamaşalar, kinolarında nümayiş olunacaq filmlərlə tanış edirik.
Kinoafişa:
“Nümunəvi Erkək-2”
Bütün dünyanı məşhurların qətllər dalğası bürüyüb. Dəbdəbəli polis xüsusi agenti Qrosso Montana, bir vaxtlar ən yaxşılardan olan, indisə azca solğunlaşmış kişi-model Derek Zulanderə kömək üçün müraciət edir. Görəsən indi o, əzəli dostu Hanselin dəstəsində olaraq dəb üzündən baş verən cinayəti dayandıra və təntənəli şəkildə dünya podiumuna qayıda biləcəkmi? Bu film əyləncəni sevənlər üçündür.
“Xoxan” – yerli komediya.
Günlərin bir günü varlı bir qadının qızının içinə cin girir. Bu bəladan qurtulmaq üçün hər yola əl atan qadın çarəni yaşadıqları villanı satmaqda görür. Lakin cin satışa mane olur. Satışla məşğul olan rieltor şəhərin iki məşhur fırıldaqçı falçısı Rəftar və Qəhrəmana100 000 pul təklif edir ki, onlar qızın içindən cini çıxarsınlar. Rəftar və Qəhrəman isə bu gözlənilməz təkliflə razılaşıb, cinin də adını Xoxan qoyurlar. Rieltor onları villaya gətirir və 7 gün möhlət verir. Xoxan elə ilk gecədən qorxub qaçmağa çalışan Rəftar və Qəhrəmanın başına oyun açır və çox gülməli hadisələr baş verir. Gülmək, əylənmək istəyənlər mütləq izləsin.
“Delibal” (Türkcə)
Memarlıq oxuyan, hobbisi də musiqi olan Barış, fikri yalnız universiteti dərəcə ilə bitirib xaricdə təhsilinə davam etmək istəyən Füsuna aşiq olur. Barış çox çətinliklə Füsunu sevgisinə inandırır və evlənirlər, lakin bu nagıllara bənzər sevgi pozulur…
İngilis dilini mükəmməl bilənləri “Bruklin” filminə baxmağa dəvət edirik.
1950-ci illərdə Bruklinə gələn İrlandiyalı immigrant qız çox vaxt keçməmiş bir kişiyə aşiq olur. Lakin onun keçmişi onu sakit qoymur və Vətənindən qəfil faciə xəbəri onu qayıtmağa vadar edir. İndi isə o çətin seçim qarşısındadır…
Teatr:
"O olmasın, bu olsun"
Dövlət Musiqili Komediya Teatrının səhnəsində dahi bəstəkarımız Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" əsəri qoyulur. Tamaşada 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin-Sərvər və Gülnazın böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir yığın dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olub.
"Nu, volk, pogodi!" tamaşası
Musiqili komediya teatrın səhnəsində Aleksandr Kurlyandski və Arkadi Haytın eyni adlı pyesi əsasında "Nu, volk, pogodi!" tamaşası səhnələşdiriləcək. Tamaşada Volk (canavar) və Zayats (dovşan) qəhrəmanların bir biri ilə mübahisəsindən, canavarın dovşanı ovlamaqla bağlı macəralarında söz açılacaq.
"Eşq və Ölüm" baleti
Opera və Balet Teatrının səhnəsində Yekaterinburq Dövlət Opera və Balet teatrının balet truppasının ifasında Polad Bülbüloğlunun "Eşq və Ölüm" baletinin nümayişi olacaq. "Eşq və Ölüm" baletində həyat və ölümdən, sevgi, dostluq və satqınlıqdan söhbət açılır.