BAKI, 20 fev — Sputnik. Böyük Britaniyanın Avropa İttifaqında üzv olaraq qalmasına dair referendum iyunun 23-də keçiriləcək. Sputnik-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib.
Qeyd edək ki, referendumun tarixinə dair qərar bu gün, Britaniyanın Nazirlər Kabinetində ölkənin Aİ-də yeni statusu ilə bağlı keçirilən müzakirələr zamanı qəbul edilib.
Devid Kemeron referendumla bağlı qərarın bazar ertəsi, fevralın 22-də parlamentə təqdim edəcəyini bildirib.
Xatırladaq ki, Aİ liderləri 18-19 fevral tarixlərində Brüsseldə Böyük Britaniyanın birlikdə üzv olaraq qalmasının yeni şərtlərini müzakirə ediblər.
Böyük Britaniyanın baş nazirinin irəli sürdüyü yeni şərtlər dörd sahəni əhatə edir – rəqabət, suverenlik, sosial siyasət və iqtisadi idarəçilik.