CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

2016-ci ilin dövlət büdcəsinə dəyişikliklərə baxılıb

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Milli Məclisinin binası
Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir: Azərbaycan iqtisadiyyatı üçün də yeni çağırışlar ortaya çıxıb.

BAKI, 20 fev — Sputnik. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. 

Sputnik Milli Məclisin saytına istinadla xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Maliyyə naziri Samir Şərifov qeyd edib ki, sözügedən düzəlişlər dünyada baş verən iqtisadi proseslərlə bağlıdır. Təlatümlü vəziyyət enerji daşıyıcıları bazarında təklifin tələbi üstələməsi və iri dövlətlər tərəfindən neftə olan tələbatın xeyli azalması ilə əlaqədardır. Bu isə inkişafda olan neft ölkələri üçün təsirlərə  rəvac  verir. Bu səbəbdən, Azərbaycan iqtisadiyyatı üçün də yeni çağırışlar ortaya çıxıb. Şübhəsiz ki, mövcud reallıqlar ölkəmizə valyuta daxil olmasının kəskin azalması və tədiyyə balansının aşağı düşməsinə gətirib çıxarır. Bütün bu amillər dövlət büdcəsinə müəyyən düzəlişlər edilməsi zərurətini yaradır.

Nazir bildirib ki, 2016-cı il üçün icmal büdcənin gəlirləri 15738,6 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 milyon manat və ya 5,9 faiz azdır. Azalma əsasən, bir barrel xam neftin qiymətinin təsdiq edilmiş proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi və bunun nəticəsində, Dövlət Neft Fondunun gəlirlərinin 3230,3 milyon manat azalması hesabınadır. 

Samir Şərifov vurğulayıb ki, 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrinin hesablanmaları zamanı xam neftin satış qiymətinin bir barreli üçün 25 ABŞ dolları götürülməsi müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxil olmaların azalması ilə nəticələnib. Bildirilib ki, 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16822 milyon manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin təsdiq olunmuş variantı ilə müqayisədə 2256 milyon manat çoxdur. Dövlət büdcəsinin daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə büdcə gəlirləri isə 7597 milyon manat nəzərdə tutulur. Bu, 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 659,2 milyon manat və ya 4,8 faiz  çoxdur. 

Qeyd edilib ki, 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7010 milyon manat daxilolma nəzərdə tutulur. Bu da 2016-cı il üzrə təsdiq olunmuş proqnozdan 408 milyon manat və ya 6,2 faiz çox, 2015-ci ilin operativ icra göstəricisi ilə müqayisədə isə 108,3 milyon manat və ya 1,5 faiz azdır.

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz artaraq 37,8 faiz təşkil edəcək. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən dəqiqləşdirilmiş daxilolmaların proqnozu isə 1810 milyon manat təşkil edir ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 220 milyon manat çoxdur. Digər gəlirlər üzrə daxilolmalar isə 75 milyon manat proqnozlaşdırılır. Bu göstərici 2016-cı ilin təsdiq edilmiş proqnozuna nisbətən 13 milyon manat və ya 21 faiz çoxdur. Artıma səbəb ötən illərdə xarici valyuta ilə verilmiş kreditlər üzrə daxilolmaların manatın yeni məzənnəsi ilə hesablanmasıdır.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Xəbər lenti
0