BAKI, 20 fev — Sputnik. Zaqatalada fərdi yaşayış evində partlayış olub, iki nəfər yanıq xəsarəti alıb.
Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, fevralın 19-dan 20-nə keçən gecə rayonun Danaçı kəndində yerli sakin İsmayıl Yumuxova məxsus, ümumi sahəsi 330 kv/m olan ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən qarışıq mallar mağazasında alovla müşahidə edilən partlayış baş verib. Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Partlayış zərbəsinin gücündən mağazanın qapı və pəncərəsi dağılıb. Partlayış baş verən zaman yaranan alovdan İsmayıl Yumuxov və Cəbrayıl Kaştayev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Zaqatala rayon DYMH-dən bildirilib ki, partlayışa qaz sızması səbəb olub.
Zaqatala RMX-dan verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən İsmayıl Yumuxova hər iki əlin və sifətin 2-ci və 3-cü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Cəbrayıl Kaştayevə isə hər iki əlin və sifətin 1-ci dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti yüngül olduğundan müayinədən sonra o, ambulator müalicə almaq şərtilə evə buraxılıb.
Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.