BAKI, 19 fev — Sputnik. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibinin buraxılması barədə fərman, habelə Əfv Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Sputnik-in prezidentin saytına istinadən verdiyi məlumata görə, Əfv Komissiyasının yeni tərkibində də Komissiyanın sədri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir.
Daxili işlər naziri Ramil Usubov, ədliyyə naziri Fikrət Məmmədov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev (milli təhlükəsizlik nazirinin əvəzinə təyin olunub-red.), Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, deputat Elmira Axundova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyev, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev, deputat Məlahət İbrahimqızı, əməkdar müəllim Cəmilə Ramazanova yeni Əfv Komissiyasının üzvləri kimi təkrar təsdiqləniblər. Komissyianın katibi Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova da yenidən vəzifəsində təsdiqlənib. Ombudsman Elmira Süleymanova isə yeni tərkibdə yer almayıb.
Əfv Komissiyasının öncəki tərkibində üzv kimi yer almış Hüseyn Cavidin xatirə muzeyinin direktoru olmuş Turan Cavid, Xalq şairi Zəlimxan Yaqub, Xalq yazıçısı Vaqif Səmədoğlu, Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru olmuş Ağamusa Axundov, Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru olmuş sabiq deputat Zahid Qaralov vəfat ediblər.
Əfv Komissiyasında yer alan yeni üzvlər isə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, deputat Bəxtiyar Əliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyevdir.