BAKI, 19 fev — Sputnik. Azərbaycan Respublikasının əhalisinin sayı ötən il 112,6 min nəfər və yaxud 1,2 faiz artaraq 2016-cı ilin əvvəlinə 9705,6 min nəfər olub. Dövlət Statistika Komitəsinin (DSK) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, 2015-ci ildə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş verib.
"Bununla yanaşı, miqrasiya artımı da müşahidə olunub və əhalinin ümumi artımının 1,0 faizini təşkil edib. Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə orta hesabla 1007 qadın düşür", —deyə Komitədən bildirilib.
Qeyd olunub ki, son illər ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir və ötən il Azərbaycanda doğulanlar ölənlərin sayından 111,5 min nəfər çox olub: "Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2015-ci ildə ölkədə doğulmuş 166,2 min körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 17,4 təşkil edib. Doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 3054-ü əkiz, 84-ü üçəm, 8-i isə dördəm doğulub".
O da qeyd olunub ki keçən il ölkədə qeydiyyat şöbələri tərəfindən 68,8 min nikah və 12,8 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstəricilər müvafiq olaraq 7,2 və 1,3 olub: "2015-ci ildə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2,7 min nəfər gələn və 1,6 min nəfər ölkədən gedən qeydə alınıb".