BAKI, 19 fev — Sputnik. Bir sıra yerli kütləvi informasiya vasitələrində Azərbaycan-Rusiya sərhədində sıxlığın yaranması ilə bağlı məlumatlar yayıb. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Rusiya Federasiyasından Azərbaycana gələn vətəndaşlar ölkəmizlə sərhəddə yerləşən "Novo-Filə-Şirvanovka" gömrük-keçid məntəqəsinə yubanıb və adıçəkilən məntəqədə iş vaxtı bitdiyi üçün vətəndaşlar "Yaraq-Qazmalar-Samur" gömrük-keçid məntəqəsinə yönləndirilib.
"Nəticədə "Yaraq-Qazmalar" gömrük-keçid məntəqəsindən keçərək ölkəmizə gələnlərin sayındakı artım Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda sıxlığın yaranmasına səbəb olub", —deyə Komitədən bildirilib.
DGK-nın açıqlamasına görə, Azərbaycan gömrük xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində, nizamlı qaydada həyata keçirilən gömrük nəzarətinin, eləcə də tibbi müşahidənin aparılması ilə qısa vaxt ərzində sıxlıq aradan qaldırılıb: "Hazırda "Samur" gömrük-keçid məntəqəsi normal rejimdə fəaliyyətini davam etdirir, vətəndaşların və nəqliyyat vasitələrin hərəkətində heç bir sıxlıq müşahidə olunmur".