Yerin Günəş ətrafında fırlandığını ilk dəfə iddia etmiş alim

Nikolay Kopernik
Nikolay Kopernik - Sputnik Azərbaycan
Abunə olmaq
Nikolay Kopernik daha çox ilk elmi inqilabın əsası hesab edilən Günəş sisteminin heliosentrik modelinin müəllifi kimi tanınır.

BAKI, 19 fev — Sputnik. Polyak astronomu, riyaziyyatçı və iqtisadçısı, Günəş sisteminin heliosentrik modelini irəli sürən Nikolay Kopernik 1473-cü il fevralın 19-da anadan olub. Onun "Səma cisimlərinin hərəkətinə dair" kitabındakı hipotezlər müasir astronomiya elminin əsası kimi qəbul edilir.

Nikolay Kopernik 1473-cü il fevralın 19-da Polşanın Toruni şəhərində Almaniyadan gəlmiş tacir ailəsində anadan olub. 9 yaşında atasını itirən Kopernik 1491-ci ildə Krakov universitetinə daxil olub, burada riyaziyyat, tibb və ilahiyyat elmlərinə dərindən yiyələnib. Amma o daha çox astronomiya elmi ilə maraqlanırdı.

1497-ci ildə Kopernik təhsilini davam etdirmək üçün İtaliya gedərək Bolonya universitetinə daxil olur. Burada o, ilahiyyat, hüquq və digər qədim elmlərlə yanaşı astronomiyanı da öyrənmək imkanı əldə edir. Kopernik Padua universitetində tibb elmini öyrənmiş və Ferrara universitetində ilahiyyat üzrə elmi dərəcə almışdı.

1497-ci il martın 9-da Kopernik astronom Domeniko Maria Novara ilə birgə ilk elmi təcrübəsini həyata keçirdi. 1503-cü ilin sonunda Kopernik hərtərəfli elmi biliyə malik bir şəxs kimi vətəninə qayıdır.

Təxminən 1516-cı ildə qələmə aldığı “Kiçik mülahizələr” adlı əsərində Kopernik öz şərhlərini vermişdir. Həmin dövrə qədər təxminən 1500 il ərzində dünya sistemi haqqında qədim yunan alimi Ptolemeyin nəzəriyyəsi “hökmranlıq” edirdi. Bu nəzəriyyəyə görə, Yer kürəsi kainatın mərkəzində yerləşir, Günəş və digər planetlər isə onun ətrafında fırlanır.

Göy cisimlərini müşahidə edən Kopernik belə bir qənaətə gəlir ki, Ptolemeyin nəzəriyyəsi yanlışdır. Otuz illik gərgin əməkdən, uzun müşahidələrdən və çətin riyazi hesablamalardan sonra Kopernik sübut etdi ki, Yer bir planetdir və bütün planetlər Günəş ətrafında dövr edir.

Kopernik bildirirdi ki, Yer kürəsindəki müşahidəçi Yerin tərpənməz olduğunu, Günəşin isə onun ətrafında fırlandığını düşünür. Əslində isə Yer Günəş ətrafında fırlanır və bir il ərzində öz orbiti ətrafında tam dövrə vurur.

1543-cü ildə Kopernik "Göy cisimlərinin fırlanması haqqında" əsərini çap etdirmək qərarına gəlir. Dostları çap olunmuş kitabın bir nüsxəsini gətirib ona verəndə alim artıq ölüm ayağında idi. Kopernikin kəşfi elmdə çevriliş yaratmış və xurafata sarsıdıcı zərbə vurmuşdu.

Kopernik 1543-cü il martın 24-də vəfat edib.

Xəbər lenti
0