BAKI, 18 fev — Sputnik. ABŞ Dövlət Departamentindən Türkiyədə baş vermiş dəhşətli terror və Suriya hadisələri ilə bağlı ilginc açıqlama gəlib. Sputnik Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Mark Toner Vaşinqtonda təşkil etdiyi gündəlik mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a yönələn tənqidlərinə münasibət bildirib.
"Prezident Ərdoğan "ABŞ-ın PYD-nin silahlı qanadı olan YPG-yə verilən silahlar bur gün Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı çevriləcək" açıqlaması verib. Buna münasibətiniz necədir?" sualına cavab olaraq Toner ABŞ-ın YPG-yə silah vermədiyini deyib.
O, eyni zamanda sensasiyalı etiraf sayılacaq açıqlama da verib. Belə ki, "Yaxşı adamlara verdiyimiz silahlar, bəzən pis adamların əlinə keçə bilir. Bu vəziyyətdən xəbərdarıq", —deyə ABŞ rəsmisi bildirib.
ABŞ ilə Türkiyə arasında YPG mövzusunda fikir ayrılığı olduğunu ifadə edən Toner, ABŞ-ın YPG ilə PKK arasında bir əlaqə görmədiyini söyləyib: "Biz YPG-nin Suriyadakı bəzi cəhdlərindən narahatıq və bunu qrupun liderlərinin diqqətinə çatdırmışıq. Açıq-aşkar söylədik, PKK bir terror təşkilatıdır. Ancaq YPG mövzusunda fikir ayrılıklarımız var. Türkiyənin YPG ilə əlaqədar narahatlıqlarını bilirik və anlayırıq. Biz YPG-yə silah verməmişik".
YPG-nin Türkiyəyə raket atması ilə bağlı tənqidlərə gəlincə, M. Toner ABŞ-da bu istiqamətdə məlumat olmadığını deyib: "Bizim müttəfiqimiz və NATO üzvü olan Türkiyə ilə məhsuldar əlaqələrimiz var. İstər Suriyada, istər İraqda son dərəcə qarışıq bir vəziyyət hökm sürür. Biz də YPG-yə vəziyyətdən istifadə edərək yeni ərazilər ələ keçirməmək və Türkiyə ilə gərginliyi yüksəltməmək çağırışı etmişik. YPG, suriyalı ərəblər və türkmənlər İŞİD-ə qarşı təsirli və uğurlu mübarizə aparırlar".
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ünvanına kəskin tənqid səsləndirərək, Vaşinqtonu, PKK-nın Suriya qolu olan PYD-nin hərbi qanadı kimi tanınan YPG-ni silahlandırmaqda ittiham edib.