Gürcü general: Xocalıda dinc sakinlərin qətlə yetirilməsi əsl soyqırımıdır

© AZƏRTACGeneral-mayor Cumber Ananidze Xocalı soyqırımına həsr olunmuş tədbirdə çıxış edir
General-mayor Cumber Ananidze Xocalı soyqırımına həsr olunmuş tədbirdə çıxış edir - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın Tiflisdəki səfirliyinin təşəbbüsü və Gürcüstan Azərbaycanlıları Milli Konqresinin təşkilatçılığı ilə Kaspi rayonunun Ferma kəndində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

BAKI, 17 fev — Sputnik. Gürcüstanın Kaspi rayonunun Ferma kəndində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Bu barədə Sputnik AZƏRTAC-a istinadən məlumat verir.

Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və Gürcüstan Azərbaycanlıları Milli Konqresinin təşkilatçılığı ilə keçirilən tədbirdə Kaspi rayonunun azərbaycanlılar yaşayan 4 kəndinin və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə məscidin həyətində Xocalı soyqırımını əks etdirən fotoşəkillərə baxıblar.

Sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhidlərin ruhuna dualar oxunub,

Konqresin sədri Əli Babayev çıxışında vurğulayıb ki, erməni hərbçilərinin Xocalıda törətdikləri cinayətlərə hələ də dünya birliyi tərəfindən qiymət verilməyib və cinayətkarlar öz layiqli cəzalarını almayıblar. Bu, dünyada hökm sürən ikili standartların nəticəsidir.

Gürcüstan Azərbaycanlıları Milli Konqresi dünya ictimaiyyətinə müraciət edib və sənəddə Xocalı hadisəsinin soyqırımı kimi tanınması, cinayətkarların beynəlxalq məhkəmələrə cəlb olunması tələb edilir. Konqres, həmçinin ikili standartlara son qoyulmasını tələb edir.

Xocalıda dinc insanların, qoca, uşaq və qadınların bir gecədə vəhşicəsinə qətlə yetirilməsi bütün müharibə qanunlarına ziddir.

Bu sözləri isə tədbirdəki çıxışında istefada olan general-mayor Cumber Ananidze söyləyib. O deyib: “Mən müharibə iştirakçısıyam. Müharibənin də öz qanunları var. Müharibədə dinc insanlar bilərəkdən qətlə yetirilmir. 1992-ci il fevralın 26-da gecə Azərbaycanın Xocalı şəhərində törədilən vəhşiliklər müharibənin əlaməti deyil. Bu, insanlığa qarşı yönəldilmiş cinayətdir və əsl soyqırımıdır”.

Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov çıxış edərək Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Gürcüstandakı səfirliyi tədbirlər planı hazırlayıb. Bu həmin tədbirlərdən biridir və bu işlər davamlı olacaq. Diplomat bildirib ki, dünyanın 10-dan artıq ölkəsi, ABŞ-ın 19 ştatı Xocalı faciəsinin soyqırımı olduğunu təsdiqləyib. Bu istiqamətdə işlər davam etdirilir.

Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri çıxış edərək Xocalı faciəsinin ağrı-acılarından danışıb, 24 il öncə yaşanan bu hadisələrin səbəbkarlarının gürcü xalqının tarixində də oxşar izlər qoyduqlarını vurğulayıblar.

Xəbər lenti
0