BAKI, 17 fev — Sputnik. Cari il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 6 894,3 mln. ABŞ dolları (10 751,0 mln. manat), xarici dövlət borcunun ÜDM-ə nisbəti 19,8% təşkil edib. Borcun həcmi illik müqayisədə 6,42%, ÜDM-ə nisbəti isə 12,9 faiz bəndi artıb. Sputnik Maliyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Borc vəsaitlərinin 58,6%-i hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 32.9%-i 10 ildən 20 ilə qədər olan müddətdə, 8,5%-i isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Bu ilin əvvəlinə xarici dövlət borcu üzrə alınan kreditlərin 8,8%-i XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları), 66,3% ABŞ dolları, 20,4%-i avro, 2,5%-i Yaponiya yeni, 0,8%-i BƏƏ dirhəmi, 0,6%-i İslam dinarı, 0,4%-i Səudiyyə rialı, 0,2%-i Küveyt dinarında cəlb olunub.
Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.