BAKI, 16 fev — Sputnik. Azərbaycanda 15 yaşı tamam olmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi 2020-ci il yanvarın 1-dək veriləcək.
Sputnik-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Qanuna əsasən 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının 2020-ci il yanvarın 1-dən tətbiq ediləcəyini nəzərə alaraq, 15 yaşı tamam olmamış vətəndaşlara 2017-ci il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək olan müddətdə şəxsiyyət vəsiqəsi verilir. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi barədə məlumatlar daxil edilmir. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.
Bu qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.