YAY Gallery bədii qalereyasında azərbaycanlı rəssam Rəşad Ələkbərovun Something From Nothing (“Heç nədən nəsə”) adlı fərdi sərgisi açılıb. Rəssam işıq və kölgədən məharətlə istifadə etməsi ilə məşhurdur. Rəşad öz işlərində predmetləri xaotik şəkildə yerləşdirərək möhtəşəm vizual proyeksiyalar yaradır.
Ələkbərov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. Dəfələrlə ölkəmizi beynəlxalq sərgilərdə, o cümlədən Venesiyada keçirilən Beynəlxalq biennaledə təmsil edib. Onun əsərləri Fransa, Almaniya, İsveçrə, İtaliya, Polşa, BƏƏ, Avstriya və Türkiyədəki qalereyalarda nümayiş olunub.
Something From Nothing sərgisi müəllifin dünyada baş verənlərə münasibətini əks etdirir. Bu dəfə rəssam hətta qalereyanın divarlarından istifadə edib və orada işıq-kölgə installyasiyadasından şəkil və yazı formasında kompozisiya yaradıb.
Sərgi tam anşlaqla keçir. Rəşadın işlərinə baxmağa ictimai xadimlər, musiqiçilər, KİV nümayəndələri və rəssamın həmkarları gəlirlər. Sərgi martın 31-dək davam edəcək, giriş pulsuzdur.