BAKI, 15 fev — Sputnik. Dünən Opera və Balet Teatrında əməkdar artist Cahangir Qurbanovun "Сердце на двоих" ("İkimizdə bir ürək") adlı solo konserti keçirilib. Sputnik-in konsertdə iştirak edən əməkdaşı xəbər verir ki, konsert Polad Bülbüloğlunun "Rapsodiya"sı ilə açıldı. Alqış sədaları ilə səhnəyə çıxan Cahangir Qurbanov hər kəsə gəldiyi üçün təşəkkürünü ifadə etdi.
İfaçı konsertdə 3 dildə mahnılar ifa etdi. İtaliyan, rus və Azərbaycan dillərdində səslənən mahnılar tamaşaçılar tərəfindən alqışla qarşılandı. Solo konsert zamanı əməkdar artist C. Qurbanov bəstəkar Eldar Həsənovun bəstələdiyi, bir-birindən gözəl musiqiləri, həmçinin Xanım İsmayılqızının əsərini səsləndirdi.
Gecədə C. Qurbanovla birlikdə əməkdar artist Fərid Əliyev və xalq artisti Fidan Hacıyeva da səhnəni bölüşdü. İfaçılar həm solo, həm də duet formasında musiqilər səsləndirdilər. Konsertdə İlqar Muradov, Rafael İsgəndərov və Coşğun Rəhimov, bəstəkar Ruhəngiz Qasımova, Cahangir Qurbanovun müəllimi Hüseyn Əliyev və digər sənətkarlar da iştirak edirdilər.
Solo konsertə Müslüm Maqomayevin məşhur "Azərbaycan" musiqisi ilə yekun vuruldu. Gecənin qəhramanı hərbi geyimdə səhnəyə çıxaraq tamaşaçıları hərbi salamla salamladı və "Azərbaycan" mahnısını Fidan Hacıyeva və Fərid Əliyevlə duet şəklində oxudu. Sonda tamaşaçılar ifaçıları gurultulu alqışlarla yola saldılar.