BAKI, 13 fev-Sputnik. Biz vaxtaşırı şiddətə məruz qalmış uşaqların dramını eşidirik. Normal duyğuları olan insanlar bu dramatik həyat hekayələrini dinləyəndə, ya da oxuyanda, çox mütəəssir olsalar da, bəzən gündəlik həyatlarında özləri də öz uşaqlarına qarşı şiddət tətbiq edirlər. Bəs şiddət uşaqların psixologiyasına, gələcəyinə necə təsir edir?
Sputnik-in məlumatına görə, bu barədə türkiyəli uşaq psixoterapevti və psixoloq Ramazan Şimşək öz saytında məlumat verib. O, deyib: "Uşaqda formalaşan güvən duyğusu yaşadığı hər dönəmdə həyatına təsir göstərər. Yəni uşaq ata və ana ilə necə münasibət qurarsa, həyatla da o şəkildə münasibət qurmağı öyrənər. Verbal və ya fiziki cəhətdən şiddətə məruz qalan uşaqların ilk olaraq güvən duyğusu zədələnər. Ən çox güvənib etibar etdiyi insandan şiddət görən uşağın psixikası darmadağın olur. Güvən duyğusu sarsılan uşağın şüuraltında bu hadisə həyatda "ata — anana belə güvənməyəcəksən" şəklində formalaşar. Hər yerdən təhlükə gözləyən uşağın psixikasında paranoik düşüncələr formalaşar. Bütün münasibətlərə şübhə ilə yanaşması onun şəxsiyyətinin sağlam inkişafına mane olur. Eyni zamanda gələcəkdə yarana biləcək psixi xəstəliklərin təməlini qoyar, həm də uşağın bədəni fiziki şiddətə məruz qalmış olar. Bu yaralar onun sağlam düşüncələrini də zədələyər."
Psixoloqun sözlərinə görə, təcavüzə məruz qalmış uşaq aşağıdakı 3 yoldan birinə baş vurur:
1. Ağrı və əzabdan qaçmaq — bu yola baş vuran uşaq əzablara boyun əyməyə öyrəşər, passiv və asılı şəxsiyyət halına gələr. Belə uşaq artıq hər cür təcavüzə açıq halda olacaq. Özünün şüuru formalaşmaz, kim nə desə ona uyğunlaşmağa başlayar.
2. Ağrıya qarşı mübarizə — belə uşaq öz əzabını sakitləşdirmək üçün davamlı olaraq özünə, heyvanlara, insanlara şiddət göstərər. Etdiyi təcavüz sadəcə fiziki cəza ilə məhdudlaşmaz, kiçik yaşlarda həmcinslərinə, böyük yaşda isə qarşı cinsə şiddət göstərərlər. Bu cür uşaqlarda ən çox hiperaktivlik, əsəbilik, aqressivlik, yalan danışmaq, oğurluq kimi hallar nəzərə çarpar.
3. Uzaqlaşma — bu yolu seçən uşaqlar cəmiyyətdən, insanlardan ayrı düşərək əzablarını basdırmağa çalışırlar. Qatillər, cinsəl problemləri olan insanlar, zərərli vərdişlərdən asılılıq əsasən bu qrupdan çıxar. Gizli — gizli həyatdan intiqam almağa çalışırlar. Uşaqlıqda isə daha çox kəkələmə, sidik buraxma, özünəqapanıqlıq, fikir dağınıqlığı müşahidə olunur.
Psixoloqun sözlərinə görə, ümumiyyətlə, bu məsələdə hər iki tərəfə psixoloji dəstək vermək şərtdir. Səbəbi nə olursa olsun, övladına qarşı fiziki cəza tətbiq edən ata — ananın psixikasında az və ya çox dərəcədə problem vardır və onlar mütləq mütəxəssisdən yardım almalıdırlar. Şiddətə məruz qalmış uşaqların psixi sağlamlığının bərpa olunması üçün ilk növbədə valideynlərin, sonra isə uşaqların psixoloji yardıma ehtiyacı var.
"Bəs şiddətə məruz qalmış uşaq üçün nələr edə bilərik?" sualına cavabında Şimşək deyib: "Əgər uşaq 0-3 yaş aralığındadırsa, ən təsirli terapiya oyun terapiyasıdır. Bununla bərabər musiqili terapiya da uşağı sakitləşdirər və özünü güvəndə hiss etməsini təmin edər. Üç yaşdan yuxarı uşaqlar üçün isə şəkil və hekayə terapiyalarıdır. Əgər uşağın məruz qaldığı şiddət travmatik təsir yaradıbsa,onda EMDR, yəni travmadan sonrakı travmanın təsirlərinə qarşı duyarsızlaşdırma, hissizləşdirmə ilə bağlı terapiyadan istifadə olunar. Evdə edilə biləcək ən yaxşı üsul isə güvənli mühit yaratmaqdır. Şiddət və qorxu ifadə edən cizgi filmlərdən, kompüter oyunlarından onun keçmiş xatirələrini yadına sala biləcəyi üçün mütləq şəkildə uzaq durulmalıdır. Ata və ananın edə biləcəyi ən yaxşı şey isə uşaqla bolluca oyun oynamaqdır. Güvəni, etibarı, sevgini, bağlılıq və sevinci inşa etmənin ən təsirli yolu oyundur."