Fuad Məmmədov-Paşabəyli
BAKI, 13 fev — Sputnik. Azərbaycanın paytaxtının gözəlliyi və möhtəşəmliyinə heyran olmuş şəxslərdən necə epitetlər və müqayisələr eşitmişik. Bizim Bakını Şərqin Parisi, Xəzər sahillərinin Neapolu, Cənubi Palmira adlandırırlar. Bakı təkcə bakılıların deyil, burada yaşayan bütün millətlərin fəxri olub. Hələ ötən əsrin əvvəllərində Azərbaycanın böyük messenat oğulları; Tağıyev, Nağıyev, Əsədullayev, Muxtarov vətənpərvər hisslərlə Bakıya tanınmış xarici memarları dəvət etmişdilər və onlar da Qərb ənənələri ilə milli koloriti birləşdirirən memarlıq incilərini, şəhərin təkrarsız, zərif arxitektur stilini yaratmışdılar.
Edelin, Tverdoxlebovun, Kindinovun, Simonsonun, Qoslavskinin, Zivərbəy Əhmədbəyovun, Eyxlerin, Borisoqlebskinin, Skureviçin, Ploşkonun, Hacıbəy Axundovun, fon der Nonnun, Şternin, Lemkulyanın, Kərbəlayi Əhmədin və bir çox başqalarının görkəmli memarlıq inciləri sayəsində iyirminci əsrin əvvəllərində Bakıda Şərq və Qərb arxitekturasının bizim şəhərə özünəməxsus füsunkarlıq verən ecazkar sintezi yarandı.
Sövet dövrünün məşhur Azərbaycan arxitektorları — Hüseynov, Dadaşov, Məcidov, Seçexin, Qasımzadə, öz sələflərinin işini davam etdirərək şəhərin o dövrün özünəməxsus memarlıq şedevrlərini yaradıblar və bu zaman nəinki onları təhrif ediblər, əksinə Bakının ümumi doğma memarlıq görünüşünü tamamlayıblar. Özü də onlar buna sovet dövründə nail olublar.
Düşündük ki, müstəqillik əldə ediləndən sonra isə şəhərin çiçəklənməsinə heç nə mane ola bilməyəcək, indi o artıq bizim öz əlimizdədir. O illərdə Bakıya axıb gələn xaricilər, müstəqil Azərbaycanın vizit-kartı olan bu gözəlliklər şəhərinə heyran olmaqdan yorulmurdular, çünki Bakı öz orijinallığı və gözəlliyi ilə əbədi və sarsılmaz idi. Amma bu elə görünürdü…
Bəs biz bu gün nə görürük?
Bugünkü Bakıya nəzər yetirəndə, o nostalji hissləri qorumaq çətindir. Şəhər tədricən öz mahiyyətini itirir (eh, itirib deməyə dilim gəlmir), sanki bizim doğma şəhər Bakı olmamağa başlayır, gözümüzün qabağında başqalaşır, yadlaşır. Bu gün Xəzərin sahilində bizə tamamilə yad olan başqa bir şəhər yaranır. Şəhərin küçələrini azca dolaşan kimi hər bir bakılı üçün əziz olan yerlərdə zövqsüz şəkildə ucaldılmış çoxmərtəbəli bədheybətlər insanın ovqatını təlx edir. Hər gün, saniyəbəsaniyə şəhərin yaşıl massivi daralır. Dəhşət odur ki, onu, bu massivin qayğısını çəkməyə cavabdeh olan şəxslər vandalcasına məhv edirlər.
Adamı qəribə hisslər bürüyür, bu doğurdanmı bizim Bakıdır?
Hətta şəhərin çoxəsrlik simvolları — Qız Qalası və İçəri Şəhər uzaq əcdadlarımızın məzəmmətlərini bizə çatdırırlar. Açıq şəkildə qəbul etmək lazımdır ki, biz Bakı şəhərini itiririk, özü də öz fəaliyyəti ilə paytaxtı qorumalı və abadlaşdırmalı olanların cahilliyinin, səhlənkarlığının, tamahkarlığının günahı ucbatından. Görünür bu "çinovniklər" üçün vətəndaşlıq və vətənsevərlik anlayışları müvəqqətidir və onlar dəyərləri başqa cür qavrayırlar, daha çox öz mənfəətləri, gəlirləri kimi başa düşürlər. Onları qətiyyən narahat etmir ki, biz Bakı ilə yanaşı milli ruhun bir hissəsini və özünəməxsusluğumuzu itiririk.
Görkəmli filosof Qustav Lebon deyib ki, dil, incəsənət, musiqi və memarlıq milli ruhun zahiri əlamətləridir. Bu əlamətlər aydın şəkildə tarixi, xalqın psixologiyasını, incə mənəvi çalarlarını əks etdirir. İçəri şəhər, Qız qalası, Şirvanşahlar Sarayı və bütün Bakı — bizim xalqın qızıldan da qiymətli sərvətidir.
Şübhəsiz, yeni şəhərsalmada mübahisəsiz uğurlar var, onlar əsasən idman yarışlarını və kütləvi tədbirləri keçirmək üçün tikilən möhtəşəm komplekslərdən, otellərdən və s. ibarətdir. Amma o faktı da qeyd etmək lazımdır ki, bu tikintilərə ölkə rəhbərliyi tərəfindən sərt nəzarət var, bu prosesin bütün iştirakçıları öz işlərini diqqətlə və məsuliyyətlə görürlər. Lakin bunu yaşayış binalarının tikintisi haqqında demək olmaz. Mən yeni tikililərin heç də əleyhinə deyiləm. Bu vacib və lazımlı işdir. Bu tikililər təkcə bakılıları kvadratmetrlik yaşayış yeri ilə təmin etmir, həm də bu çətin vaxtlarda xeyli adam üçün iş yeri deməkdir. Sovet dövründə tikilmiş mikrorayonların şəhər əhalisi üçün hansı üstünlükləri verdiyini yaxşı xatırlayırıq. Onlar Bakının ətrafında tikilmişdilər, amma indiki tikinti maqnatları hər vəchlə özlərinin xoşlarına gələn göydələnləri tikmək üçün Bakının mərkəzində torpaq ələ keçirməyə çalışırlar. Onlar və şəhərin mərkəzində çoxmərtəbəli eybəcərliklərin ucaldılmasına icazə verən məmurlar vətəndaş mövqeyi deyil, "qabağa düşmək" istəyi prizmasından çıxış edirlər. Belə icazələr nəticəsində paytaxtın artıq mövcud olan arxitektura-tikinti üslubu tamamilə tanınmaz hala düşənədək dəyişir.
Növbəti "zəhərli göbələyin" ucaldılması ilə biz metr-metr doğma küçələrimizi, binalarımızı itiririk. Sökülən küçə və binaların (bir çoxu tarixi və ya memarlıq cəhətdən dəyərli olsa belə) əvəzində boz, çoxmərtəbəli rəzilliklər ortaya çıxır. Bu "tikintinin" nəticəsində isə ciblər parayla dolur. Lakin biz milli dəyərlərin meyarlarını itiririk.
Bəs yaşıllıqların məhvinə nə ad vermək olar? Küləklər şəhəri adını alan Bakı Abşeron yarımadasının daşlı, susuz torpağında yerləşib və yalnız bir-birini əvəz edən bakılıların çoxsaylı nəsillərinin nəhəng səyləri nəticəsində nəhayət ki, çiçəklənən əraziyə çevrilib. Yetmişinci illərdə Bakının yaşıllaşdırılmasına böyük əhəmiyyət verilirdi. Bizim haqlı olaraq qürur duyduğumuz bir çox park zonaları məhz o illərdə salınıb. Lakin bu gün yaşıllıqlar kütləvi şəkildə məhv edilir və ən dəhşətlisi məsul şəxslər bu rəzalətə nəsə, yalnız onlar üçün aydın olan səbəbdən əsas gətirmək, haqq qazandırmaq istəyirlər.
Bir çox xariciləri bizim İçəri Şəhərə (Qədim şəhərə) olan münasibətimiz təəccübləndirir. Bütün ölkələrdə hətta öz şəhər irsindən qalma ən kiçik fraqmentlərin qorunmasına belə xüsusi diqqət edirlər. Bu ərazi qoruq elan edilir, o ərazilərdə hər hansı tikinti işlərinin aparılmasından söhbət belə gedə bilməz. Bunun üçün uzağa getmək lazım deyil, qonşu Gürcüstana baxmaq kifayətdir. Tiflisin tarixi mərkəzi böyük ümumxalq məhəbbəti ilə əhatələnib, bütün siyasi və iqtisadi təlatümlərə baxmayaraq, gürcülər onları əzizləyərək və qoruyaraq saxlayırlar.
Bizdə isə qədim Qala səfirliklər şəhərinə çevrilib. Bakımızda diplomatik nümayəndəliklərin yerləşməsi əlbəttə çox gözəldir. Lakin niyə onların yerləşdiyi məkan İçərişəhər — bizim tarixi irsimiz olmalıdır? Onlardan ötrü daha uyğun yer tapmaq olmazdı? Heç olmasa, Türkiyə nümunəsindəki kimi xarici səfirliklər üçün bütöv küçə ayırmaq olardı, qoy orada istədikləri formada nümayəndəliklərini tiksinlər. Lakin müqəddəs məkanımızı onlara niyə veririk?
Paytaxtda hər bir azərbaycanlı üçün müqəddəs olan binaları dağıdıb onların yerlərində çoxmərtəbəli bədheybətlər tikən və mümkün qədər çox "pul qırmaq" istəyən harınlamış işbazların qarşısını heç nə ala bilməz.
Artıq bir neçə gündür ki, Azərbaycan Milli Dram Teatrının arxasındakı evlərin sökülməsinə başlanılıb. Söküləcək binaların arasında tarixi və memarlıq baxımından əhəmiyyətə malik olanlar az deyil. Bu sırada görkəmli Azərbaycan aktyoru Abbas Mirzə Şərifzadənin vaxtilə yaşadığı ev də daxildir. Lakin puldan başqa heç nəyi müqəddəs saymayan işbazları heç nə dayandırmayacaq. Onlar bütün bu illər ərzində şəhərimizin əldə etdiyi ən qiymətli nəsnəni — özünəməxsusluğu məhv edirlər. Bakının unikallığını itirmək olmaz. Çünki şəhər dəyişəndə onun sakinləri də dəyişirlər. Bakının öz özünəməxsusluğunu, təkrarolunmaz koloritini, gözəlliyini, qürurunu, milli ruhunu itirməsinə yol vermək olmaz. Doğma şəhərimizlə bir yerdə biz özümüzü də itirə bilərik, buna isə yol vermək olmaz. Heç cür olmaz!
Müəllifin fikri redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər.