BAKI, 12 fev — Sputnik. "Murat Karayılanı tutmaqla PKK-nı birdəfəlik yox etmək mümkün deyil". Bunu Sputnik-ə eksklüziv açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) MHP-dən olan millət vəkili Yusuf Halaçoğlu deyib.
Onun sözlərinə görə, PKK terror təşkilatının arxasında bəzi ölkələr dayanır: "Biz həmin dövlətləri də, onların niyyətlərini də gözəl bilirik. Amma bir nəfəri həbs edərək terroru sonlandırmaq mümkün deyil. Əksini iddia etmək saflıq olar".
Millət vəkili daha sonra deyib: "Hər kəs bilsin ki, Türkiyə nə Suriyaya, nə də İraqa bənzəyir. Heç kim elə bilməsin ki, dövlətə baş qaldırmaqla uğur əldə edə biləcək. Türkiyədə bu, mümkün deyil və olmayacaq".
PKK terror təşkilatının əsas liderlərindən biri olan Murat Karayılanın İraqın şimalında tutulduğu bildirilir. Məlumatı Mosuldakı yerli mənbələr verib. Xəbərə görə, türk xüsusi təyinatlıları ani basqın əməliyyatı ilə Karayılanı gizləndiyi yerdə həbs ediblər. Murat Karayılanın Türkiyəyə gətiriləcəyi qeyd olunur.
Xəbərin doğru, yaxud yalan olması barədə Türkiyə hökumətindən heç bir rəsmi açıqlama hələlik verilməyib. Terror təşkilatı da yayılan informasiyanı təkzib etmir. Bu da iddianın gerçək ola biləcəyi ehtimalını gücləndirir.