BAKI, 12 fev — Sputnik. İran neft satışını dollarla deyil, avro ilə həyata keçirəcək. "Xarici şirkətlər borclarını avro ilə ödəməyi qəbul etdilər", —deyə İranın neft naziri Bijan Zangeneh deyib.
Sputnik Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zangeneh İrana milyardlarla dollar borclu olan xarici neft şirkətlərinin bu borcları avro olaraq geri ödəyəcəklərini söyləyib. Nazir, ayrıca "Emirates National Oil", Yaponiya və Hollandiya ilə də borclar mövzusunda razılığa gəlmək üçün müzakirələrə başladıqlarını deyib.
Dollar "tüğyan etdiyi" bir vaxtda, Azərbaycan öz xarici ticarətində dollardan imtina və avroya keçid siyasətinə qərar verə bilərmi? Bunun üçün tələbat və zəmin varmı? Ayrıca, dollardan imtina Azərbaycan üçün hansı nəticələrə səbəb ola bilər?
İqtisadçı-ekspert Samir Əliyev Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycan üçün bu addım həddindən artıq təhlükəlidir: "Ona görə təhlükəlidir ki, bu gün Azərbaycanın maliyyə bazarında qeyri-sabitliyin əsas səbəbi ölkəyə dolların az gəlməsidir. Bizim ixracımızın 90 faizindən çoxunu neft və neft məhsulları təşkil edir. Neftdən kənar ölkəyə valyuta, dollar çox az gəlir. İndi neftin qiyməti düşdüyü üçün ölkədə dolların da həcmi azaldı. Ona görə də Mərkəzi Bank öz valyuta ehtiyatını xərcləyir. Yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatı 618,2 milyon dollar azalaraq 4,4 milyard dollara düşüb".
"Bir il bundan qabaq 12 milyard dollar idi. Neft Fondu da dəstək verir. Bunlara baxmayaraq ölkədə iki dəfə devalvasiya olub. İndinin özündə də süni şəkildə, inzibati qaydada dolların bahalaşmasının qarşısını alırlar", —deyə ekspert bildirib.
S. Əliyev Azərbaycana dollar gəlməsini vacib hesab edir: "Belə bir vəziyyətdə dollardan imtina edib, avro ilə satmaq, düşünürəm ki, bizim üçün daha təhlükəli situasiya yarada bilər. Düzdür, avro ilə satıb sonra dollara çevirmək olar. Amma hər bir halda bu, Azərbaycan üçün arzuolunmayan haldır. Situasiya nefti ancaq dollarla satmağa sövq edir".
Onun sözlərinə görə, zaman-zaman dünyada dolların sıxışdırılması ilə bağlı təşəbbüslər olub: "BRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respulikası) öz aralarında alqı-satqılarda dollardan imtina etmək siyasəti yürüdüblər. Amma bunun ciddi bir effekti olmayıb. İndiki zamanda da dünyada dolların bahalaşması dollara tələbatı artırıb. İnvestorlar daha çox dollar aktivlərinə üz tutur. İranın bu addımının ciddi bir effekt verəcəyinə inanmıram".
Azərbaycanda manatın möhkəmlənməsi tendensiyası davam edib-etməyəcəyinə gəlincə, iqtisadçı dolların nisbi ucuzlaşmasını müvəqqəti proses hesab edir: "Hazırda dolların ucuzlaşması və yaxud manatın möhkəmlənməsi inzibati addımların nəticəsidir və müvəqqəti xarakter daşıyır. Mərkəzi Bank manat kütləsini qıtlaşdırıb, manat yoxdur. Mərkəzi Bank hərrac keçirir. Get-gedə həraclarda iştirak edən bankların sayı azalır. Yəni, bankların manatı yoxdur ki, gedib dollar alsın. İkincisi, idxal məhdudlaşıb. Yəni, idxal şirkətləri bu gün məhsullarını sata bilmir və yaxud xaricdən gətirə bilmir. Bu və digər amillər müvəqqətidir".
"Nə qədər ki, neftin qiymətində bahalaşma yoxdur, manatın möhkəmlənməsi ehtimalı aşağıdır. Manatın möhkəmlənməsi üçün bu gün iqtisadi zəmin yoxdur", —deyə ekspert bildirib.
Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Anar Rzayev də dollardan imtinanı çətin proses sayır. "Neftin dünya bazarlarında və birjalarda satışı dollarla həyata keçirilir. İranın və Rusiyanın uzun müddət bundan qabaq, nefti avro ilə satmaq istəkləri baş tutmamışdı. Amma Azərbaycanın avro ilə neft satışına keçməsi, düşünürəm ki, geniş miqyasda mümkün deyil", —deyə iqtisadçı Sputnik-ə açıqlamasında bildirib.
A. Rzayev manatın möhkəmlənməsi tendensiyası ilə bağlı proqnoz verməyə tələsmir: "Mərkəzi Bankın atacağı addımları proqnozlaşdırmaq bir az çətindir. Çünki, bu, bazar konyukturasından irəli gəlməyən addımlardır. Mərkəzi Bank pul kütləsini azaldır. Pul kütləsinin azalması nəticəsində manatın məzənnəsi müəyyən qədər artır".
"Yəni, Mərkəzi Bank nə vaxtsa, məcbur olacaq ki, pul kütləsini artırmağa başlasın, o zaman cüzi azalma yenə geri qayıdacaq. Onsuz da Azərbaycanda manatın məzənnəsi Mərkəzi Bank tərəfindən təyin olunur", —deyə ekspert vurğulayıb.
İqtisadçı-ekspert Qalib Toğrul də öz şəxsi "Facebook" səhifəsində dollardan imtina məsələsinə münasibət bildirib: "Vaxtilə Liviya, İraq, Venesuela, Nikaraqua, Kuba və Ekvador prezidentləri də belə bəyanatlar səsləndirməklə, "dollar əsarətindən qurtulmaq", ABŞ-a etirazlarını çatdırmaq istəyiblər. Lakin onların bu bəyanatları elə bəyanat olaraq qalıb. Çünki belə bəyanatların iqtisadi əsası yoxdur. Hazırda dünyada ticarətin 80%-i ABŞ dollarının, 18%-i avronun, 2%-i isə Çin yuanının payına düşür. Hətta böyük ölkələrin dollarla ticarəti dayandırması belə bu valyutaya tələbi azalda, onu bazarda sıxşdıra biməz".