BAKI, 12 fev — Sputnik. "Bələdiyyələrdən daxil olan aktlara ekspertiza nəzarəti həyata keçirilib. Nəticədə 2007 aktın dəyişdirilməsi və ləğv olunması tərəfimizdən bələdiyyələrə təqdim olunub. Qanunsuz zəbt olunan torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması təmin olunub".
Bunları Milli Məclisin bu gün keçirilən plenar iclasında, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edən, ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib. Onun sözlərinə görə, bəzi bələdiyyələrin qərarlarını qanunun tələblərinə uyğun olaraq təqdim etməmələri müəyyən olunub: "Ötən ilə nisbətən 12,8 faiz bələdiyyə qərarlarının göndərilməməsi müşahidə olunub. Bununla bağlı hüquqi tədbirlər davam etdirilir".
Nazir müavini vurğulayıb ki, prokurorluq orqanları tərəfindən aparılmış hərtərəfli araşdırma nəticəsində, kifayət qədər əsaslar və səbəblər müəyyən edildiyindən, 10 material üzrə cinayət işi başlanıb, 2 cinayət işi barədə məhkəmə hökmü çıxarılıb və bələdiyyə sədrləri məhkum olunublar: "Həmçinin, cinayət hadisəsinin və əməldə cinayət tərkibinin olmaması, cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və digər hallar nəzərə alınaraq 10 material üzrə cinayət işinin başlanması rədd edilib, digərlərinə isə baxılır".
Məruzəçi deyib ki, 2015-ci ildə bələdiyyələrlə bağlı vətəndaşlardan daxil olan 2093 müraciətə baxılıb: "Onlardan 127 müraciət təmin olunub. Daxil olan müraciətlər araşdırılıb. Onlardan 65 araşdırma materialı prokurorluq orqanlarına göndərilib. Müraciətlərə baxılıb hüquqi qiymət verilməsi istiqamətində tədbirlər davam etdirilir. Belə halların qarşısını almaq məqsədi ilə müvafiq tədbirlər görülüb. Belə ki, inzibati xəta haqqında 338 protokol tərtib edilərək məhkəmələrə göndərilib. Onlardan 35-i təkrar inzibati xəta ilə bağlı olub. Həmin protokollar əsasında 330 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub, 57 protokol üzrə isə müraciətlərə baxılıb".