Vasif Talıbov Naxçıvanda inhisarçılığın qarşısının alınması barədə tapşırıq verib

© Photo : İNTERAZNaxçıvan, Möminə xatun türbəsi
Naxçıvan, Möminə xatun türbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Naxçıvanda dövriyyədə olan nağd pul kütləsinin həcmi azaldılacaq.

BAKI, 10 fev — Sputnik. Bu gün Naxçıvan Biznes Mərkəzində sahibkarlarla görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada iqtisadiyyatın inkişafı ilə bağlı prioritetləri açıqlayıb. 

APA-nın məlumatına görə, V. Talıbov deyib ki, Naxçıvan İqtisadiiyat Nazirliyi yerli xammala əsaslanan, əhali tələbatının dolğun şəkildə ödənilməsinə imkan verən istehsal müəssisələrinin yaradılmasını davam etdirməli, daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, xarici bazarlara çıxış imkanları da araşdırılmalıdır. 

V. Talıbov bildirib ki, istehlak qiymətlərinə nəzarət mexanizmi gücləndirilməli, müvafiq qurumlar tərəfindən süni qiymət artımına qarşı tədbirlər davam etdirilməlidir. Daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması ilə yanaşı, azad rəqabət mühitinin yaradılması və inhisarçılığın qarşısının alınması məsələlərinə də diqqət artırılmalıdır. Dövlət Gömrük Komitəsi tərəfindən idxal olunan məhsulların keyfiyyətinə nəzarət gücləndirilməli, geni dəyişdirilmiş məhsulların muxtar respublikaya gətirilməsinin qarşısı alınmalıdır. V. Talıbov qeyd edib ki, muxtar respublika iqtisadiyyatında bankların aparıcı rolu təmin edilməli, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi bununla bağlı konkret tədbirlər planına malik olmalıdır. Eyni zamanda istər bank və kredit təşkilatları, istərsə də Sahibkarlığa Kömək Fondunun xətti ilə kreditlər verilərkən ehtiyac meyarları düzgün qiymətləndirilməli, maliyyə riskləri ciddi şəkildə araşdırılmalı, vəsaitlərin təyinatı üzrə və səmərəli istifadəsinə nəzarət gücləndirilməlidir. Ali Məclisin sədri inflyasiya əleyhinə tədbirlərin gücləndirilməsinin diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb. Bunun təsirli vasitələrindən biri də dövriyyədə olan nağd pul kütləsinin həcminin azaldılmasıdır. Alıcı təşkilatlar, eləcə də sahibkarlıq subyektləri nağdsız əməliyyatlara üstünlük verməlidirlər. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi Vergilər Nazirliyi ilə birlikdə bu istiqamətdə işi gücləndirməli, fəaliyyətə başlayan hər bir sahibkarlıq subyekti üçün bank hesablarının aktiv olmasına diqqəti artırmalıdır. Bundan əlavə alğı-satqı əməliyyatlarında POS-terminallardan istifadə ilə bağlı tədbirlər gücləndirilməlidir. Yerli icra hakimiyyəti orqanları yeni istehsal müəssisələrinin açılması, iş yerlərinin yaradılması məqsədilə sahibkarları yeni layihələrin icrasına cəlb etməli, onların fəaliyyəti üçün zəruri şərait yaratmalıdırlar:  “Dövlət büdcəsi əsasən vergi daxilolmaları hesabına formalaşır. Bu xüsusat nəzərə alınaraq hər bir sahibkar milli mənafeni, xalqa, vətənə xidmət amalını diqqətdə saxlamalı, öhdəliklərini layiqincə yerinə yetirməlidir”.

V. Talıbov bildirib ki, əksər kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi təmin edilməli, ilk növbədə əkinəyararlı torpaq sahələrindən istifadəyə diqqət artırılmalıdır. Əkilməyən boş torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması təmin edilməlidir. Mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş məhsulların soyuducu anbarlar tərəfindən alınması nəzarətdə olmalı, məhsul istehsalçıları ilə səmərəli əməkdaşlıq qurulmalıdır. Bu tədbirin təşkilinə İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları bilavasitə məsuliyyət daşıdıqlarını yadda saxlamalıdırlar: “Muxtar respublikanın aqrar sektorunda məhsul istehsalı əsasən kiçik təsərrüfatlar tərəfindən həyata keçirilir. Lakin məhsuldarlığın artırılması və istehsal xərclərinin azaldılması üçün iri təsərrüfatların yaradılmasına da ehtiyac var. Belə təsərrüfatlarda son texnoloji nailiyyətlərə əsaslanan heyvandarlıq və quşçuluq komplekslərinin yaradılması diqqətdə saxlanmalıdır. Digər tərəfdən, dövlət orqanları tərəfindən mal-materiallar alınarkən israfçılığa, izafi xərclərə yol verilməməli, əsasən yerli məhsullardan almalıdır”. 

Ali Məclisin sədri 2016-cı ildə muxtar respublikada ixrac potensiallı müəssisələrin sayının artırılmasının vacibliyini bildirib, əl işlərinin və ixracyönümlü məhsulların internet kataloqunun hazırlanması, satışı və təşviqi, o cümlədən daxili bazarın təhlil olunması, qapalı müəssisələrin və xidmət sahələrinin tələbatının yerli istehsal hesabına ödənilməsi barədə tapşırıqlar verib. 

Xəbər lenti
0