BAKI, 8 fev — Sputnik. Artıq bir aya yaxındır ki, insanlar subtropik meyvə olan banana qarşı ehtiyyatlı davranırlar. Buna səbəb sosial şəbəkələrdə içərisi qan ləkəsi olan bananın sürətlə yayılan fotoları olub.
Son vaxtlara qədər hər kəsin ləzzətlə yediyi banan, artıq əvvəlki kimi istehlak olunmur, mağazalarda bu meyvənin satışı yarı-yarıya azalıb. Mütəxəssislər panikaya ehtiyac olmadığını, yayılan şəkillərin uydurma olduğunu bildirsələr də, banan satışında ciddi azalma hələ də davam edir.
Bilindiyi kimi, xarici ölkələrdən gətirilən meyvə məhsulları Lökbatan qəsəbəsində yerləşən məşhur "Meyvəli bazarı"na gətirilir, marketlər və mağazalar da məhz oradan sifariş verirlər. Bananın, o cümlədən xaricdən gətirilən digər bütün meyvələrin saxlanma şəraitləri, tərkibi və qiymətləri ilə daha yaxından tanış olmaq üçün, Sputnik əməkdaşı sözügedən bazara — "Meyvəli"yə üz tutub.
Ərazidə çəkiliş aparmaq istədiyimizi görən mühafizəçilər müdaxilə edərək, çəkiliş aparılmasına icazə verilmədiyini söylədilər. Sadəcə olaraq meyvələrin qiymətləri və onların saxlanılma şəraiti ilə maraqlanmaq istədiyimizi bildirsək də, mühafizəçi əmrin "yuxarı"dan verildiyini söyləyərək, icazə verilməsinin mümkünsüz olduğunu qeyd etdi.
Çəkilişdə israrlı olduğumuzu deyəndən sonra, mühafizəçilərdən biri bizi bazarın baş meneceri Zahid Əmirovla görüşdürdü. Əmirov "çəkiliş aparmaq üçün şəxsən direktorun icazəsi olmalıdır" dedi.
Direktordan cavab gözlədiyimiz müddətdə fürsətdən istifadə edib Zahid Əmirovdan bananların ölkəyə necə gətirildiyini, harada və hansı şəraitdə saxlanıldığını soruşduq. Bildirdi ki, ölkəyə gətirilən banan məhsulları Hökməli dairəsinə yaxın yerdə xüsusi anbara yığılır.
"Biz özümüz də ordan gətiririk. Banan ölkəyə göy formada gətirilir. Daha sonra onun tərkibi qazlaşdırılır. Bəlli prosedurlardan sonra rəngi saralmış formada mağazalara paylanır", —deyə Əmirov qeyd etdi.
Elə bu ərəfədə otağa daxil olan bir nəfər çəkilişə heç cür icazə verilməyəcəyini söylədi. Həmin şəxsdən adını və vəzifəsini soruşsaq da, o, sualımıza cavab vermək istəmədiyini bildirdi. Direktordan icazə alınmasına şərait yaratmayan şəxs, ərazini dərhal tərk etməyimizi tələb etdi.
Sputnik olaraq, həmin vəzifəli şəxsin jurnalistə qarşı qeyri-peşəkar rəftarını qınamaqla birlikdə, bu cür saymazyana hərəkətlərin məşhur "Meyvəli" bazarının imicinə zərər gətirdiyini də bildirmək istərdik. Ayrıca, bazar rəhbərliyinin bu sərt qadağası, meyvələrin saxlanma şəraiti, tərkibi və digər məsələlər ətrafında yayılmış məlumatların doğru olması barədə şübhələri artırır.