BAKI, 8 fev — Sputnik. "Təhsilin məqsədi şəxsiyyət yetişdirməkdir və bu şəxsiyyətin yetişməsində önəmli faktorlardan biri də innovativ, peşəkar pedaqoji səriştələrə malik müəllimlərin formalaşdırılmasıdır. Son illərdə müəllimlərin bu istiqamətdə daha fəal mövqe tutmaları sevindirici haldır. Qabaqcıl müəllim o müəllimdir ki, innovasiyaları mənimsəməklə başqalarından fərqlənir, şagirdyönümlü innovativ resurslar hazırlamaqla daha yüksək təlim nəticələri əldə edir, fərdi inkişaf yolunu müəyyənləşdirib peşəkar inkişafa nail olmaq istiqamətində böyük həvəs və maraqla öz üzərində çalışır".
Sputnik xəbər verir ki, bunu Təhsil Problemləri İnstitutunun (ARTPİ) direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov, Heydər Əliyev adına Müasir Təhsil Komleksinin qabaqcıl müəllimlərinin, ümumi təhsil səviyyəsinin yeni fənn kurikulumlarının tətbiqi üzrə təlimdə iştirakına görə sertifikatlaşdırılması mərasimində deyib.
"Buna görə də deyə bilərik ki, peşəkar Azərbaycan müəllimi müasir təhsilin qarşısında dayanan vəzifələrin öhdəsindən uğurla gələcək", —deyə direktor bildirib.
Q.Novruzov isə öz çıxışında ARTPİ-nin fəaliyyəti ilə bağlı məlumat verdikdən sonra bu gün təhsilin qarşısında duran əsas vəzifələrdən söz açıb. O Kompleksin müəllimlərinin təlimlərdə göstərdiyi fəallığını, uğurlu nəticələrini, yüksək intellektual səviyyələri və geniş dünyagörüşləri ilə seçildiklərini vurğulayaraq, onlara yeni nailiyyətlər arzulayıb.
Tədbirdə Heydər Əliyev adına Kompleksin direktoru Sevinc Rzayeva müəllimlərin təkmilləşdirilməsi və peşəkarlığının artırılması məqsədi ilə intensiv olaraq bu cür təlimlərdə iştirak etdiklərini vurğulayıb. O, bu əməkdaşlığın gələcəkdə də yeni təlim, seminar və başqa tədbirlərlə davam etdiriləcəyindən ümidvar olduğunu bildirib.
Kompleksin müəllimlərindən L.Hüseynova, Q.Şərifov, X.Qazıyeva, İ.Əliyeva, Ş.Səfərova, R.Məmmədov çıxış edərək təlimlər haqda müsbət fikirlər söyləyiblər. Tədbirin yekununda müdavimlərə sertifikatlar təqdim olunub.