BAKI, 5 fev — Sputnik. Fevralın 5-də Fəxri xiyabanda görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, SSRİ dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki Qara Qarayevin (1918-1982) anadan olmasının 98-ci ildönümü münasibətilə anım mərasimi keçirildi.
Mədəniyyət və turizm nazirliyindən Sputnik-ə verilən məlumata əsasən, Mərasimdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi. Tədbir iştirakçıları dahi musiqiçinin məzarı önünə çiçək dəstələri qoyaraq xatirəsini yad etdilər.
Xalq artisti Firəngiz Əlizadə çıxış edərək bəstəkarın Azərbaycanın zəngin musiqi tarixində tutduğu mövqedən söz açdı. Bildirdi ki, Qara Qarayevin möhtəşəm əsərlərinin və onun tələbələrinin sorağı dünyanın müxtəlif ölkələrindən gəlir: “Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç kimi dahi bəstəkarların tələbəsi olan Qara Qarayev bu sahədə özünün məktəbini formalaşdıraraq Azərbaycanda böyük bir bəstəkarlar nəslinin yetişməsinə səbəb olub. Onun yazdığı əsərlər bu gün də dünyanın böyük musiqi salonlarında səslənir və alqışlar qazanır”.
Firəngiz Əlizadə həmçinin bildirdi ki, ötən il ölkəmizdə keçirilən I Avropa Oyunlarının möhtəşəm açılış mərasimində Qara Qarayevin əsərlərinin ifa olunması bu idman şöləninə daha da gözəllik qatıb.
Qeyd edək ki, bu gün Azərbaycan Dövlət Filarmoniyasında böyük sənətkarın xatirəsinə həsr olunmuş musiqi axşamı keçiriləcək. Gecədə Qara Qarayevin, Dmitri Şostakoviçin və Fərəc Qarayevin əsərləri səslənəcək.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında D.Şostakoviçin skripka və orkestr üçün 1 saylı konserti, Fərəc Qarayevin “Quasi una Fantasia” və Q.Qarayevin 2 saylı simfoniyası ifa olunacaq. Solist İspaniyada təhsil alan gənc skripkaçı, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Elvin Qəniyevdir.