BAKI, 5 fev — Sputnik. “MTN işi” ilə bağlı 65 nəfər zərər çəkmiş şəxs qismində tanınıb.
Sputnik-in məlumatına görə, bu gün Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müvafiq strukturlarında sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələbləri pozulmaqla telefon danışıqlarının dinlənilməsi və yol verilmiş digər qanunsuzluqlarla bağlı 17 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İş üzrə 22 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib, onlardan 20 şəxs barəsində həbs qətimkan tədbiri və 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə istintaqdan yayınan 1 şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Həmin iş üzrə 130 epizod araşdırılmaqla, cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərər çəkmiş şəxs qismində tanınıb.
Hazırda ayrı-ayrı vətəndaşlardan daxil olan yeni müraciətlərdə göstərilən bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilərək, zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülür.