BAKI, 5 fev — Sputnik. Aşağıda gördüyünüz bu və buna bənzər elanlara yəqin ki, çoxumuz tez-tez rast gəlirik. İnsanların sosial halını göstərən bu tip elanlar, əslində məruz qaldığımız ağır sosil-iqtisadi vəziyyətdən xəbər verir.
Sosial mövzu olduğu üçün elan marağımızı cəlb etdi. Ona görə də kağızda qeyd olunan telefon nömrəsi ilə əlaqə saxladıq və 1 uşaq üçün aylıq dayəlik xidmətinin qiymətini öyrəndik. Qarşı tərəfin bir ay üçün tələb etdiyi məbləğ olduqca aşağı idi, üstəlik telefondakı xanım əlavə xidmətlərini də sıraladı. 2 nəfər uşağa, həftənin bütün günləri, gündə 6 saat olmaqla 1 ay üçün cəmi 150 manat istəyən xanım, əlavə olaraq onları park gəzintisinə çıxara biləcəyini də dedi.
"Hökumət iqtisadi böhran olduğunu açıq etiraf edir, ancaq bunun təsirlərini azaltmaq üçün ciddi addımlar atmır". Bunu Sputnik-ə paytaxtdakı avtoyuma servislərindən birində işləyən İsmail Məmmədov deyib.
Onun sözlərinə görə, iş yarmarkaları keçirib telekanallarda göstərməklə heç nə həll edilmir: "O yarmarkalara mən də getmişəm. Təklif etdikləri maaşla ancaq 3 gün normal yaşamaq olar, o da tək adam üçün. Özü də maraqlıdır ki, telekanallarda yarmarkalar keçirildiyini göstərirlər, ancaq təklif olunan məvaciblər barəsində heç nə danışmırlar".
Xəbərin əvvəlində qeyd etdiyimiz kimi, dolanışıq üçün özünü tibb bacısı kimi tanıdıb sistem asmağı, damara iynə vurmağı bacardığını deyən xanımların da sayı artıb. Sağlamlıq baxımından həssas mövzu olduğu üçün, məsələni bir az da araşdırmaq qərarına gəldik. Bu səbəblə də tibbi ekspert Rasif Bağırovla əlaqə saxladıq.
Bağırov Sputnik-ə açıqlamasında damara iynə vurma prosesinin ciddi və təhlükəli olduğunu bildirib: "Vena daxilinə iynə vurulması bəzi insanlara ilk baxışdan asan və təhlükəsiz görünür. Əslində isə bu işi güclü tibbi ixtisası və təcrübəsi olan insanlar etməlidir. Məsələ təkcə venanın deşilməsi və iynənin yeridilməsi deyil. Əgər texniki təhlükəsizlik gözlənilməsə, damar divarları zədələnə bilər".
"Adicə damara iynə yeridilən zaman dərinin düzgün deşilməməsi elə ağır proseslərə səbəb olur ki, xəstə sonradan invalid halına da düşə bilər, ürək əməliyyatına da məcbur qala bilər. Hətta ölüm halı da ola bilər", —deyir ekspert.
Ona görə də, damara iynə vurulması prosesinin kifayət qədər ciddi, professionallıq tələb edən bir iş olduğunu vurğulayır: "Hətta xəstəxanaların özündə belə bu işi hər həkimə vermirlər. Ancaq təcrübəli və bacarıqlı həkimlər təyin edilir".
Görünən odur ki, əhalinin sosial rifahının günbəgün çökməsi insanların psixoloji durumuna olduqca mənfi təsir göstərir və maddi imkansızlıqla üzləşən təbəqə pul qazanmaq üçün hər yola baş vurur.