BAKI, 5 fev — Sputnik. Bakıda və Abşeron yarımadasında fevralın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 12-17, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.
Fevralın 7-8-də Abşeron yarımadasında davamlı güclü xəzri küləyinin əsməsi, havanın temperaturunun ötən günlərlə müqayisədə xeyli enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir.