BAKI, 4 fev — Sputnik. Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin ləğvedicisi tərəfindən bank qarşısında borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə bildiriş yayılıb.
Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1 (81)-1404/16 saylı qətnaməsi ilə “Bank of Azerbaijan” ASC müflis elan edilmiş və iflas proseduruna başlanıb, Əmanətlərin Sığortalanması Fondu Ləğvedici təyin edilib.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, bununla əlaqədar olaraq, ləğvedici müflis elan edilmiş bank qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, “Banklar haqqında” Qanununun 72-ci maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Bundan başqa bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılsa da, bankın aktivlərinə faizlərin və digər haqların hesablanması dayandırılmır.
"Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir", — deyə məlumatda qeyd edilib.
Banka borcu olan şəxslər borclarının ödənilməsi və ya məlumat almaq üçün Bakı ş. Ak. Həsən Əliyev küçəsi 24 ünvınana müraciət edə bilərlər.