BAKI, 3 fev-Sputnik. Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun Akademiyanın zabit heyəti və müdavimlərlə görüşü olub.
Sputnik Dövlət Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Nazim Əliyev görüşün əhəmiyyətini yüksək qiymətləndirib. O deyib ki, ölkəmizdə hər kəsin dini əqidəsini ifadə etmək və yaymaq hüququ, bütövlükdə konstitusion normalarla tənzimlənən vicdan azadlığının tam bərqərar olunması daim diqqət mərkəzindədir və bunlar dövlətimizin vacib saydığı prioritet istiqamətlərdəndir. Mövcud qanunvericilik, milli və ictimai təhlükəsizlik maraqları rəhbər tutulmaqla vicdan azadlığından sui-istifadə cəhdlərinin, dini radikalizmin, fanatizmin, ekstremizmin qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən qətiyyətli tədbirlər həyata keçirilib və hazırda da bu işlər davam etdirilməkdədir.
N.Əliyev bildirib ki, Akademiyada tədris və kadr hazırlığı yüksək səviyyədə aparılır və təhsil alan müdavimlər ölkəmizin inkişafının qarantı olan ictimai-siyasi sabitliyin qorunmasında bundan sonra da xidməti vəzifələrini uğurla davam etdirəcəklər. Yaxın günlərdə Akademiyada müdavimlərin Azərbaycandakı mövcud multikultural dəyərlərin, tolerantlıq modelinin mahiyyətinin daha da dərindən öyrənilməsi məqsədilə multikulturalizm fənninin tədrisinə başlanılacaq.
Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxışında görüşün maarifləndirmə, o cümlədən müdavimlərin milli mənəvi dəyərlərimizə bağlılığı, ölkəmizdə mövcud tolerant mühitin bundan sonra da qorunması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycandakı mövcud dini durum, dövlətin bu sahəyə qayğısı, ölkəmizdə radikalizm meyillərinin yaranmasının səbəbləri, həmin meyillərin yayılmasında maraqlı olan bəzi daxili və xarici qüvvələr haqqında məlumat verib. S.Heydərov, həmçinin radikalizmə meylli şəxslərin fəaliyyət metodologiyası, istifadə etdikləri üsullar, vasitələr və onlara qarşı mübarizə taktikası barədə məlumatları müdavimlərin diqqətinə çatdırıb. Ölkəmizdə dini ekstremizmə qarşı maarifləndirmə və əlaqələndirmə işinin təşkili üzrə keçirilən kompleks tədbirlər barədə iştirakçıları məlumatlandırıb.
Dövlət Komitəsinin sədr müavini Azərbaycanda tolerantlığın ən nümunəvi formasının mövcudluğunu qeyd edib, "Multikulturalizm ili" çərçivəsində ölkəmizdə keçiriləcək tədbirlər barədə məlumatlar verib. O, müdavimlərə gələcək fəaliyyətlərində istifadə üçün qeyd olunan dəyərlərin dərindən mənimsənilməsini tövsiyə edib.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.