- Rafiq müəllim, Lütfi Zadəni necə təqdim etmək doğru olar: böyük azərbaycanlı, yoxsa böyük alim kimi?
— Mən Lütfi Zadəni yazılarımda və bəzi kitablarımda da canlı dahi kimi təqdim eləyirəm. Bilirsiz, dahi sözü çox urvatdan düşüb. Çox adamlara dahi deyirlər. Amma, onun meyarları var. Dahi o adam olur ki, öz dövrünü, heç olmasa 100 il, 200 il qabaqlaya bilsin və onun nəzəriyyələri gələcəyin, 50-60, 100 il bundan sonrakı sivilizasiyanın düşüncə tərzidir. Düşüncə məntiqidir. Bir meyar budur. İkinci meyar budur ki, o adam dahi olur ki, düzdür özündən əvvəlkilərin çiynində olur, onları inkar etməyi bacarır. Yəni qorxu hissi olmur. Qorxunu adi mənada demirəm. O doqmalardan, nəzəriyyələrdən qorxmur. Məsələn, Eynşteyn öz nəzəriyyəsini verəndə Nyuton nəzəriyyəsindən qorxmurdu ki? Lütfi Zadənin belə meyarlara cavab verən dünyagörüşü, nəzəriyyələri onu dahi elədi.
- Dünyanın nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından sənaye prosesində uğurla istifadə edir. Qeyri-səlis məntiq nəzəriyyəsini siz də öz tədqiqatlarınızla inkişaf etdirmisiniz. Hazırda bu nəzəri fikirlərə dünyada maraq nə yerdədir?
— Çox qəribədir, qeyri-səlis məntiq texniki sistemlər üçün yaranmadı. O, siyasi, sosial, iqtisadi sistemlər üçün, yəni iqtisadiyyat üçün, sosial həyat üçün yarandı. Daha belə dürüst desəm, bu riyazi formalaşdırma mümkün deyil. Buna insana yönəlmiş sistem deyirlər. Yəni o yerdə ki, insan, insan kollektivi var, o insan təfəkkürünü formalaşdırmaq, riyazi baxımdan modelləşdirmək çox çətindir. Bax, bu cür sistemlər üçün qeyri-səlis məntiq yarandı. Yəni o yerdə ki, informasiyanı ölçmək mümkün olmur. Məsələn, tempuraturu ölçmək olur, təzyiqi ölçmək olur, ya başqa parametrləri ölçmək olur. Amma, insan gözəlliyini necə ölçmək olar? İnsan dürüstlüyünü necə ölçmək olar? Bu informasiya persepsiya informasiyasıdır. Qeyri-səlis məntiqin canı da budur ki, o yerdə ki, konkret ölçmək mümkün deyil, bu nəzəriyyə köməyə gəlir. Amma, təzada baxın ki, ilk növbədə Yaponiyada, Çində, Cənubi Koreyada texniki sistemlər üçün tətbiq olundu. Bu texnologiyalar əsasında onların sənayesi də, iqtisadiyyatı da xeyli qalxdı. Heç də təsadüfi deyil ki, Lütfi Zadəyə Yaponiyada 400 min dollar civarında olan "Honda" mükafatı verdilər. Yəni pul məsələsi onu o qədər maraqlandırmır. Uzaq Şərqin iqtisadiyyatı qeyri-səlis məntiq üstdə qalxdı. Sonra isə Amerika, Almaniya və başqa ölkələr qəbul elədi. Məsəl üçün, bir dəfə Fransada Lil şəhərindən Parisə qeyri-səlis məntiq kontrelleri ilə işləyən qatarda getdim. Yəni o qatarda sürücü yox idi. Amma, yenə təkrar edirəm, qeyri-səlis məntiq bu sistemlər üçün yaranmayıb. İndi bizim onunla son əsərlərimiz əsas mürəkkəb sistemlərdə qərar qəbul etməyə həsr olunub. İqtisadi, siyasi, hərbi məsələlərdə qeyri-səlis məntiq daha çox lazımlıdır və dünyada da çox geniş yayılıb. Mən bir yazımda da qeyd eləmişdim ki, qeyri-səlis məntiq elmdən çox dinə oxşayır. Hansı baxımdan? Yayılma sürətinə və yayılma coğrafiyasına görə daha çox dini xatırladır. Elə belə də demədim ki, gələcək sivilizasiyanın düşüncə tərzi qeyri-səlis məntiq olacaq.
- Lütfi Zadə məktəbinin sizdən başqa da davamçıları varmı və bu məktəb öz aktuallığını bundan sonra da qoruyub saxlaya biləcəkmi?
— Tək mən yox, mən o elementlərdən biriyəm. Bütün dünyada elə bir sanballı universitet yoxdur ki, orada qeyri-səlis məntiq və onunla əlaqəli intellektual sistemlərə, suni intellekt sistemlərinə dair dərslər oxunmasın. Bu nəzəriyyə kurslara daxil edilməsin, keçilməsin. Tək öyrənmək məsələsi deyil. Bilirsiz ki, elm dünyada ancaq universitetlərdə olar. Akademiyalarda elm olmur. Bütün universitetlərdə bunun əsasında elmi tədqiqatlar aparılır. Bu sistem tək Yaponiyada fotoaparatda və yaxud paltaryuyan maşında deyil ki, NASA-da, daha mürəkkəb sistemlərdə çox geniş tətbiq olunur.
P.S
Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda dünyaya göz açan Lütfi Rəhim oğlu Ələsgərzadə ibtidai təhsilini 16 saylı orta məktəbdə başa vurub. O, 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda (ABŞ) və Kolumbiya universitetlərində magistr, doktorluq elmi dərəcələrini alıb.
Lütfi Zadəyə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsidir. Alimin 51 il öncə işləyib hazırladığı sözügedən nəzəriyyə bir çox şirkətlərə böyük nüfuz qazanmaq və yüksək gəlir əldə etmək imkanı yaradıb. O, eyni zamanda "Təəssüratlar nəzəriyyəsi", "Sistemlər nəzəriyyəsi", "Sözlə işləyən kompyuter nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi" kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir.