BAKI, 3 fev — Sputnik. Paytaxtın ən böyük ticarət mərkəzlərindən olan Moskva Univermağında etiraz aksiyası başlayıb və artıq 3-cü gündür proses davam edir. Univermaqda qızıl-ziynət əşyalarının satışı ilə məşğul olan sahibkarlar binanın qarşısına toplaşaraq, öz tələblərini yerinə yetməsini istəyirlər. Tələbləri isə icarə haqlarının endirilməsidir.
Bu gün qızıl-ziynət əşyalarının satışı ilə məşğul olan sahibkarlar yenidən univermağın qarşısında mitinq keçiriblər. Sputnik əməkdaşının ərazidə çəkiliş aparıdığını görən sahibkarlar bir-bir öz problemlərini sadalamağa başlayıblar.
"2-3 metr yerə görə bizdən 1500-2000 manat icarə haqqı alırlar. Dövran həmin dövran deyil ki, "qaz vurub-qazan dolduraq". Satış dayandığı üçün yer haqqını da ödəyə bilmirik", —deyə sahibkar Samir Verdiyev bildirib.
Dolların qalxması, manatın dəyərdən düşməsindən sonra, digər malların qiymətlərində baş verən bahalaşma qızıl-ziynət əşyalarının qiymətinin qalxmasına da səbəb olub. Qızılın qiymətinin bahalaşmasından sonra isə univermaqda qızıl-ziynət əşyalarının satışında kəskin azalma baş verib. Belə olduqda da sahibkarlar aylıq icarə haqlarını ödəyə bilmirlər.
Məsələ ilə bağlı qarşı tərəfin də fikrini öyrənmək üçün Moskva Univermağının administratoru Elman Hacıyevlə görüşdük. Bizi öz otağında qəbul edən E. Hacıyev, yaxın 3-4 gün ərzində yer haqları ilə bağlı müəyyən güzəştlərin ediləcəyini söylədi.
"Əlbəttə, biz də bilirik ki, böhran dövrüdür. Ancaq bu böhran tək qızıl-satışı ilə məşğul olanlara təsir etməyib ki?! Bütün sahələrə təsir edib", —deyə administrator bildirdi.
Univermaq təmsilçisinin sözlərinə görə, böhran onların özlərinə də təsirsiz ötüşməyib: "Bizim özümüz də ziyan çəkirik. Ona görə, sahibkarlar bir az səbrli olsunlar. Yaxın bir neçə günə onların problemi həll olunacaq".
Bildirək ki, hazırda Univermaqdakı qızıl-zinət satılan vitrinlərin 90 faizdən artığı fəaliyyətini dayandırıb.