Binəqədi və Qaradağ rayonlarının bəzi yerlərində yaşayış üçün yararsız olan binaların, o cümlədən qaçqın yataqxanalarının sökülməsi və yenidən qurulması nəzərdə tutulur. Bu barədə Nazirlər Kabineti ötən həftə qərar verib.
Mövcud vəziyyəti yerində araşdırmaq üçün Sputnik-in əməkdaşı sözügedən ərazilərə yollanıb. Ən xoşagəlməz və bərbad vəziyyət daha çox Lökbatan qəsəbəsində qeydə alınıb.
Sökülməsi planlaşdırılan "finski evlər" deyilən binalarda yaşayan sakinlər, ölümlə burun-buruna yaşadıqlarını bildirirlər. Qəzalı vəziyyətdə olan və təhlükəsizlik normalarına cavab verməyən bu binalarda çoxlu sayda ailələr yaşayır. Əgər buna yaşamaq demək olarsa…
Orta sürətli külək əsəndə belə evinin silkələndiyini deyən sakin Asif Şirinov hökuməti təcili addım atmağa çağırır. Sputnik-in əməkdaşı ilə söhbətində Şirinov qeyd edib ki, onların ölüsünü yox, dirisini vaxtında buradan çıxarmaq lazımdır.
"Binanın qabağından iri maşın keçməməsi üçün dua edirik ki, ev başımıza yıxılar. Bunlar çox qədim, 1940-cı illərdə tikilən "finski" adlanan taxta binalardır. Əgər sökülməsi planlanıbsa, xahiş edirik tezləşdirilsin", —deyir sakin.
Binanın fasadında, blokunda, həmçinin evlərin içindəki vəziyyət bərbad halda idi. Sakin Asif Şirinov, adi bir közlə bütün evlərin kül ola biləcəyini söylədi: "Bu binalar blokuna, fasadına kimi hamısı taxtadandır. Kimsə çaxmaq çəkib yandırsa, hər şey külə dönəcək".
Ərazidə çəkiliş aparıldığını görən digər sakinlər də Sputnik-in əməkdaşına yaxınlaşaraq, səslərinin hökumətə eşitdirilməsini xahiş etdilər. Həyat yoldaşının astma bronxitdən əziyyət çəkdiyini və hal-hazırda xəstəxanada yatdığını deyən bina sakini, evdə rütubətdən boğulduqlarını, mövcud şəraitdə xəstə yoldaşının bu evdə yaşamasının onun həyatına təhlükə yaratdığını söyləyib.
"Aşağıdakı qonşuya tez-tez su damır. Dəfələrlə icra hakimiyyətinə müraciət etmişəm. Amma heç bir nəticəsi yoxdur. Bəs onda niyə onları o vəzifəyə qoyublar? Biz öz dərdimizi kimə deməliyik?", —deyir narazı sakin.
Sakinlər bu ərazinin söküləcəyi barədə məlumatı televiziyadan eşitdiklərini, ancaq özlərinə hələlik heç bir məlumat verilmədiyini bildiriblər.
Qarşı tərəfdə yerləşən qaçqın yataqxanasındakı vəziyyət isə daha da betər idi. "Burda heç it də yaşamaz" deyən Rəna xanım, hökumətdən onları insan yerinə qoymağı tələb edir: "Gəlsinlər, bircə gün bura baş çəksinlər. Cəmi bircə gün nazirlər özlərini bizim yerimizə qoysunlar. Bəlkə daşlaşmış qəlbləri yumşalar və buranı normal təmir edələr".
Ərazidəki yararsız binaların dəqiq nə vaxt söküləcəyini öyrənmək üçün Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin nümayəndəsi Sputnik-ə açıqlamasında həmin binaların bu il ərzində söküləcəyini bildirdi: "Böyük ehtimalla yay fəslinə qədər həmin binalar söküləcək. Orada yaşayan insanlar üçün yeni binalar tikiləcək və bu işlər tamamlanana qədər ailələr müvəqqəti kirayə evlərə köçürüləcək. Kirayə xərclərinin hamısı dövlət tərəfindən qarşılanacaq".
Apardığımız müşahidələr, sözügedən binalarda yaşamağın son dərəcə təhlükəli olduğunu göstərir. Ümid edilir ki, dövlət vaxtında ciddi tədbirlər görər və bu sadə insanlar gec olmadan ölüm riskindən xilas olarlar.