29-31 yanvar 2016-ci il tarixlərində Müasir İncəsənət Mərkəzinin sərgi salonunda "Sırğa olsun" konseptual incəsənət sərgisi keçirilib. Layihənin məqsədi konseptual incəsənətlə məşğul olan rəssamlara dəstək olmaq, müasir incəsənət sahəsinə töhfə vermək, istedadlı və yaradıcı gənclər arasında şəbəkələşməni qurmaq və gələcək inkişafına zəmin yaratmaq, müxtəlif texnika və üsullarda işləyən rəssamları bir araya gətirmək, bütöv bir ekspozisiyada birləşdirməkdir.
Azərbaycanda müasir istiqamətdə fəaliyyət göstərən rəssamlara böyüklərimizdən eşitdikləri "qulağında sırğa olsun" misalını rəhbər tutaraq, onların bu anlayışa necə yanaşdıqları və öz əsərlərində hansı formada gördükləri, onu hansı obraza çevirəcəkləri mövzusu təklif edilib. Sırğa — hazırda qadınların qulaqlarına taxdıqları qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək əşyasıdır. Əski zamanlarda sırğa bizim indi bildiyimiz kimi bəzək olsun, daha gözəl görünsün, başqalarından fərqlənsin deyə taxılmırdı. Sırğa "bildiriş nişanı", "yaddaş", "hər an xatırlatma işarəsi", "unutmamaq", "daim yadda saxlamaq" qarantı olaraq taxılırdı.
Sərgidə bu konsepsiyaya uyğun olaraq gənc rəssamların müxtəlif təsviri sənət növləri — rəngkarlıq, qrafika, heykəltəraşlıq və s. üzrə yaratdıqları əsərlər nümayiş etdirilib. Burada gənc rəssamlardan Vüsalə Ağarazıyeva, Novruz Məmmədov, Zamin Rzayev, Orxan Qarayev, Gülnarə Kuzukova, Günel Ravilova və başqaları iştirak ediblər.
Sərgi bayram əhval-ruhiyyəsində keçirilib. Qonaqları rəssamlar və layihənin rəhbəri Məhbarə Abbasova qarşılayıb.
Rəssamlar yaratdıqları əsərlərdə dövrümüzün aktual mövzularına toxunublar. Sərgiyə gələn seyrçilərə kollajlar, art-videolar, abstrakt rəsmlər və s. təqdim olunub. Ekspozisiyada bədii sənət nümunələrindən ibarət 40 əsər nümayiş etdirilib.
Sərgi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.