Bakı, 30 yan — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Bakının Qaradağ rayonunda “Mətanət-A” şirkətinin Yeni Ağdağ gips zavodunun açılışında iştirak edib.
“Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirov şirkət barədə məlumat verib. Bildirilib ki, bu şirkətin tərkibinə 5 zavod — quru inşaat qarışıqları zavodu (illik istehsal gücü 100 min ton), boya zavodu (5 min ton), beton qatqıları zavodu (5 min ton), gips hörgü bloku zavodu (250 min kvadratmetr) və Ağdağ gips zavodu (250 min ton) daxildir. Bu zavodlarda 800-dən çox iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 600 manatdır.
Şirkətin 6-cı müəssisəsi olan Yeni Ağdağ gips zavodu 4,4 hektar sahədə yaradılıb. Burada gips əsaslı tikinti materialları istehsal ediləcək.
Dövlət başçısı Yeni Ağdağ gips zavodunu işə salıb.