BAKI, 29 yan — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşüb. Sputnik ölkə başçısının rəsmi saytına istinadən xəbər verir ki, bir neçə gündən sonra Birinci Gənclər Forumunun 20-ci ildönümünün qeyd olunacağını deyən Prezident İlham Əliyev mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə keçirilən ilk Forumun Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Azərbaycanın müstəqillik tarixindən danışan Prezident ilk illərin ölkəmiz və xalqımız üçün ağır keçdiyini, Azərbaycana qarşı ermənilərin torpaq iddiaları ilə çıxış etdiyini, sovet rəhbərliyinin Bakıda cinayət törədərək günahsız insanları qətlə yetirdiyini deyib. İlham Əliyev bildirib ki, məhz o dövrdə Heydər Əliyev Moskvada sovet rəhbərliyinin cinayətkar əməllərini pisləyib.
"Bu, nadir hadisə olmaqla Heydər Əliyevin cəsarətli addımı idi. Sonradan Ulu Öndərin Bakıya, buradan da Naxçıvana getməsi muxtar respublikanı ermənilərin işğalçılıq siyasətindən xilas etdi. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik", —deyə dövlət başçısı vurğulayıb.
1990-cı illərin əvvəllərindəki problemlərin əsas hissəsini hakimiyyət böhranı ilə əlaqələndirən Prezident deyib ki, o dövrdə AXC-Müsavat hakimiyyəti xalq üçün böyük bəla idi: "Zorla hakimiyyətə yiyələnən bu qüvvələr torpaqlarımızın bir hissəsinin işğalında rol oynayıblar. Bu şəxslər hakimiyyətə gəldikdən sonra bir-biriləri ilə mübarizə aparıblar, vəzifədən getdikdən sonra isə bəziləri qaçıb gizləniblər. 1993-cü ildə Heydər Əliyev ölkədəki bu qeyri-stabil vəziyyəti normallaşdırıb".
İlham Əliyev daha sonra əlavə edib: "Heydər Əliyevin xidmətləri sayəsində "Əsrin müqaviləsi"nin imzalanması bir çox xarici qüvvələri hərəkətə gətirdi, onlar Azərbaycanda dövlət çevrilişlərinə cəhd etdilər, amma Ulu Öndər xalqın köməyi ilə vəziyyəti aradan qaldırdı".
İndi əsas məqsədin ölkəmizdəki inkişafın dayanıqlı olmasını təmin etmək olduğunu deyən ölkə rəhbəri, bu məsələdə gənclərin fəaliyyətinin, həlledici rola malik olduğunu vurğulayıb: "Biz Azərbaycanda güclü, özünəgüvənən dövlət qururuq və bu dövlət əbədi yaşamalıdır".
İlham Əliyev son 20 ili inkişaf və sabitlik dövrü kimi xarakterizə edib, Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında təmsil olunduğunu, mühüm enerji layihələrini icra etdiyini, kosmik ölkəyə çevrildiyini, iqtisadi şaxələndirilmənin aparıldığını, elmin və təhsilin inkişafı ilə bağlı mühüm addımların atıldığını, güclü ordunun və güclü sosial siyasətin qurulduğunu diqqətə çatdırıb. Hazırda iqtisadi sahədə ciddi islahatların aparılmasına böyük ehtiyacın olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, gələcək illər innovasiya dövrü olacaq və əsas sözü texnologiyalar deyəcək.
"Buna görə də neftdən asılılıq tamamilə aradan qaldırılmalı, gənclər də cəmiyyətin bütün işlərində fəal rol oynamalıdırlar", —deyə dövlət başçısı vurğulayıb.
Sonra Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə bir qrup gəncə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomları təqdim olunub. Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev Azərbaycan gəncliyinin və gənclər təşkilatlarının hər zaman dövlətimizin başçısının diqqət və qayğısını hiss etdiyini deyərək, İlham Əliyevə təşəkkür edib.