BAKI, 29 yan – Sputnik. Xarici İşlər nazirliyinin mətbuat katibi Hikmət Hacıyev, keçmiş XİN rəhbəri Tofiq Zülfüqarovun Azadlıq Radiosunda nazirliklə bağlı səsləndirdiyi ittihamlara cavab verib.
Hazırki XİN rəhbərliyini qeyri-peşəkarlıqda, intizamsızlıqda təqsirləndirən Tofiq Zülfüqarova nazirliyin cavabı qısa olub.
Hikmət Hacıyev, ittihamlara cavab verməyin gərəksiz olduğunu bildirərək, səslənən fikirlərin həmin şəxsin öz düşüncələri olduğunu qeyd edib.
Xatırladaq ki, bir müddət öncə geri çağrılan Latviyadakı səfirimiz Tofiq Zülfüqarov Azadlıq Radiosuna müsahibəsində hazırki XİN rəhbərliyini tənqid edib.
Keçən ilin mayında paytaxtdakı yanğına görə məmurları tənqid edən və onu sosial şəbəkədə bəyənən diplomatların işdən uzaqlaşdırılması və ya izahat yazmasına münasibət bildirən Zülfüqarov hesab edir ki, dövlət işində çalışan insan ya işdən çıxıb siyası fəaliyyətlə məşğul olmalıdır, ya da gərək məmur kimi elə məmur kodeksinə əməl etsin:
“Mən səfir olsaydım, sizinlə indiki kimi sərbəst danışa bilməzdim. Bir də, həmin insanlar mənim bildiyimə görə, əvvəllər siyasi baxımdan heç də fəal olmayıblar. Normal şəkildə karyeralarını qurublar. Bu krizisin arxasında başqa məsələlər durur. Yəni diplomatik korpusdakı gərginliklər başqa yerdən qaynaqlanır, bəzən belə yanaşmaya şahid olursan: “Bu özümüzünküdür, bu isə qıraqdan gələndir”. Belə bir korporativ əhval-ruhiyyə var. Əsas məsələ bununla bağlıdır, siyasi məsələlərlə yox. Hesab edirəm ki, bu problemi cənab prezident həll etməlidir. Bir misal da gətirim, təəssüf ki, Harvardı bitirən, yüksək biliklərə malik insanlar XİN-də bacarıqsız, savadsız kimi qələmə verilir. Digərləri, gülməli addımlar atanlar, özünü layiqincə aparmayanlar bacarıqlı diplomatlar kimi təqdim edilir. Kadr siyasətində böyük səhvlər var və bunlar aradan götürülməlidir”.
“Sizcə, nazir istefaya göndərilməlidirmi?” sualına Zülfüqarov belə cavab verib: “Bu, cənab prezidentin qərarıdır. Mənim fikirimi soruşsanız ciddi addım atılmalıdır, özü də ən ciddi addımlar”.
Məsələ ilə bağlı politoloq Fikrət Sadıqovun “Sputnik”ə münasibəti belə olub:
“Tofiq Zülfüqarovun Arif Məmmədovla bağlı dediyi kimi, əgər kimsə siyasətlə məşğul olmaq istəyirsə, nazirlikdən çıxsın, ya partiya təşkil etsin, ya hansısa bir partiyaya daxil olsun. O zaman gedib kimisə, nəyisə tənqid etsin. Düşünürəm ki, hakimiyyət adamı ola-ola hakimiyyəti tənqid etmək məntiqdən uzaqdır və diplomatik etikadan da kənardır”.
Politoloq Qabil Hüseyinlinin fikrincə, XİN-də müəyyən problemlər var ancaq bu Zülfüqarovun dediyi kimi həlli mümkünsüz problemlər deyil. “Sputnik”in suallarını cavablandıran politoloq məsələnin şişirdildiyini ifadə edib:
“Bütün nazirliklərdə buna bənzər problemlər olur. Xarici İşlər Nazirliyi mürəkkəb bir təşkilatdır. Və belə təşkilatlarda bəlli nöqsanların olması mümkündür. Amma hal etibarilə bu heç də nazirliyin məsuliyyətini aşağı salmır. XİN bundan sonra daha ciddi işləməli öz strukturunda ciddi nizam-intizama nail olmalıdır”