BAKI, 27 yan — Sputnik. Milli Məclisin 2015-ci il dekabrın 29-da keçirilən iclasında yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsi təsdiq edilib. 40 fəsil, 608 maddədən ibarət yeni məcəllədə sanksiyaların siyahısı artırılıb və cərimələr sərtləşdirilib. Məcəllə 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.
Məsələn, qəza törədib qaçan sürücülər üçün cərimənin məbləği 100 manata qaldırılıb. Mövcud məcəllədə buna görə sürücü 80 manat cərimə edilir.
Digər bir misal, yeni məcəllənin 520-ci maddəsinə görə, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 00.00-dan səhər saat 07.00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gür səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 300 manatdan 400 manata qədər, vəzifəli şəxslər 2500 manatdan 3500 manata qədər cərimə olunacaqlar. Hazırda qüvvədə olan maddəyə görə isə belə hallarda xəbərdarlıq olunur və ya 30 manatdan 50 manata qədər miqdarda cərimə tətbiq edilir.
Məsələ ilə əlaqədar "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Sputnik-ə açıqlamasında deyib ki, bütövlükdə yeni yanaşmaları tətbiq etmək üçün yeni İnzibati Xətalar Məcəlləsinin qəbul edilməsi vacib idi: "Artıq yeni məcəllə birinci oxunuşdan keçib. Burada əsas meyllər, bir sıra cinayət xarakterli əməlləri yeni yanaşma tətbiq edərək məcəlləyə daxil etməkdir. Çünki, cinayət məsuliyyəti daha ağır məsuliyyət növüdür".
Hüquqşünasın sözlərinə görə, elə əməllər var ki, onlar böyük ictimai təhlükəli əməl sayılmırdı: "Eyni zamanda, yeni ictimai münasibətlərdə elə pozuntu növləri yaranır ki, bunu Cinayət Məcəlləsinə daxil etmək doğru olmazdı. Bu, ölkədə cəza siyasətinin dərinləşməsinə, əhəmiyyətli dərəcədə genişlənməsinə xidmət edə bilərdi".
O, hesab edir ki, maddi məsuliyyətin müəyyənləşdirilməsi bir sıra hallarda insanları daha yüksək templə həmin tipli əməllərin yol verilməsindən çəkindirir: "Bu baxımdan sanksiyaların artırılmasına keçid başlandı. Hesab edirəm ki, bu məsələdə çox diqqətli olmaq lazımdır. Sanksiyaların əslində çoxalması, cəzaların aşağı və yuxarı həddləri arasında məsafənin böyük olması, həm də gələcəkdə korrupsiya sövdələşmələrinə də imkan yarada bilər. Ona görə də cəzaların aşağı və yuxarı hədləri arasında məsafəni çoxaltmaq olmaz".
"Bəzən inzibati sanksiyaların genişlənməsi inzibati pozuntunun qarşısını almaqda heç də səmərəli vasitə olmur. Biz daha çox məlumatlandırma kampaniyasını genişləndirməli, bu cür qanunların hazırlanması prosesinə daha çox ictimaiyyəti cəlb etməli, ictimai dinləmələr keçirilməli, geniş maarifləndirmə işi aparmalıyıq. Belə olan halda həmin əməllərdən çəkindirmə imkanları böyük ola bilər", —deyə Ə. Nuriyev bildirib.
Fond rəhbərinin fikrincə, sanksiyaların genişləndirilməsi və sərtləşdirilməsi büdcəni doldurmaq məqsədi daşımır.
"2016-cı ildə cərimələrdən gələcək, yəni proqnozlaşdırılan, ehtimal olunan büdcə daxilolmaları 2015-ci ilə nisbətən daha çox nəzərdə tutulub. Bu da təbii ki, büdcə daxilomalarını müəyyən dərəcədə artıracaq".
Bunu isə Sputnik-ə açıqlamasında, sanksiyaların genişləndirilməsinin və sərtləşdirilməsinin büdcəyə təsirini şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, bu, büdcədə yaranmış problemləri cərimələr vasitəsilə həll etmək anlamına gəlmir: "Bu, mümkün də deyil. Ölkədə cərimələrdən gələn vəsait büdcənin bir neçə faizi qədərdir. Çox az bir hissəsini təşkil edir. Bu, büdcənin problemini həll etmək iqtidarında deyil".