BAKI, 27 yan — Sputnik. Bakıdan Sumqayıta gedən və əks istiqamətdə olan magistral yolun Bakı Beynəlxalq Avtovağzalının yanından keçən hissəsində asfalt çökməkdə davam edir. Sputnik əməkdaşı ilə söhbətləşən sürücülər yoldakı böyük çatların ciddi qəza yarada biləcəyini bildirirlər.
Paytaxt sakini Talıb Həsənov deyir ki, bu yol gecələr daha təhlükəli olur. Onun dediyinə görə, ikitərəfli enli yolda sürətli torpaq sürüşməsi yaşanır və asfaltdakı yarıqlar günü-gündən genişlənir.
"Sumqayıtdan gələndə Bakı şəhərinə girmədən "İpək yolu" istiqamətinə dönürdüm. Gecə olduğu üçün yolu aydın görə bilmirdim. Ona görə yolun qırılma olan hissəsinə düşdüm. Şükürlər olsun ki, aşağı sürətlə gəlirdim. Yoxsa maşın aşa bilərdi", — T. Həsənov bildirir.
Digər bir sürücü Fuad Həsənov, işi ilə əlaqədar hər gün bu yoldan istifadə etdiyini, üzü Sumqayıta gedən yolda yaranan çatların gündən-günə daha da çoxaldığını deyib.
"Çox böyük təhlükə ilə üz-üzəyik. İnanın ki, hər burdan keçəndə ölümü göz önünə alıram. Bura körpüdür. Hər an yol çökə və avtomobillər neçə metr hündürlükdən aşağı düşə bilər", —deyir digər sürücü Tural Məmmədov.
Problemlə əlaqədar "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxladıq. Nəcəfli Sputnik-ə verdiyi açıqlamasında ərazidə nə çökmə nə də sürüşmə olduğunu söylədi.
"Hal-hazırda həmin ərazidə əvvəlki kimi çökmə, ya da sürüşmə yoxdur. Aşağı yamac hissədə ağır texnika işləyir və bu müəyyən qədər yola da təsir edir. Orada işlər tam yekunlaşandan sonra çökmüş yolun bərpası aparılacaq", deyə "Azəryolservis" sözçüsü bildirdi.
Bakıdan əks istiqamətdə, üzü Sumqayıta gedən yoldakı çatlar barədə də sualı cavablandıran Anar Nəcəfli, həmin yolda çökmə olmadığını, müəyyən deformasiyaya uğramış hissələr olduğunu dedi: "O ərazidə müəyyən deformasiyaya uğramış hissələr var ki, bunun da sürüşmə və çökmə ilə heç bir əlaqəsi yoxdur. Çünki sürüşmə, ya çökmə olsaydı, bu, ümumi yolda olardı. Gördüyümüz kimi orta yolda heç nə baş verməyib. Ancaq təbii ki, deformasiyaya uğramış hissələr də təmir olunacaq".