BAKI, 27 yan — Sputnik. Bu fikirləri ötən günlərdə maliyyə naziri Samir Şərifov səsləndirib. Bəs əhali nazirin bu qınağını necə qarşılayır? Biz vətəndaşlar, həqiqətənmi pulumuz ola-ola kreditimizi ödəmirik ki, hökumət köhnə məzənnə ilə ödənişə razılıq versin, sonra ödəyək? Sputnik əməkdaşı bu suallara cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında kiçik bir sorğu keçirib.
Həsən Həsənov — mühasib: "Mən dövlətdən güzəşt gözləsəm də, gözləməsəm də, bu günkü məzənnə ilə kredit ödəmək mümkün deyil. Real olaraq məbləğin iki qata çıxması bunu mümkünsüz edib. Amma sui-istifadə iddiası, bu məqam üçün qeyri-adekvat yanaşmadır. Bir il əvvəl 280 manat olan aylıq ödəniş 580 manat olubsa, burada hansı sui-istifadədən danışmaq olar? Əlac sadəcə imkan çatdığı qədər ödəniş etməkdir. Başqa da heç kimi qınamalı deyil. Nə bank itirmək istəyir, nə də dövlət. Hamı istəyir ki, itirən vətəndaş olsun. Mənim iqtisadi təhsilli və bu sahədə 10 il təcrübəsi olan adam kimi fikrim budur ki, bu ziyan 3 yerə bölünməlidir. Ancaq borcalana yükləmək doğru deyil. Yoxsa nə kreditlər ödənəcək, nə bank qalacaq, nə də dövlət".
Sona Məmmədova — tələbə: "Mən krediti manatla götürmüşdüm. Ona görə də hələlik ciddi sıxıntı çəkmirəm, vaxtlı-vaxtında ödəyirəm".
Azər Sarıyev — jurnalist: "Mən indiyə kimi zor-güc ilə krediti ödəyirdim. Ancaq deyəsən, bu dəfə gecikdirəcəyəm".
Faiq Mahmudov — tərcüməçi: "Mən heç nə ödəmirəm dollarla. Çünki bankda zaminim yoxdur, girovum yoxdur. Gəlib öldürməyəcəklər ki… Bankdan zəng edirlər, deyirəm pulum yoxdur. Amma manatla olan kreditimi ödəyirəm".
Nəzmiyyə Hicran- redaktor: "Heç bir güzəşt gözləmirəm. Çox çətin olsa da, ödəməyə çalışıram. Qalmışam belə…".
Rumiyyə Miraslan — jurnalist: "Cənab nazir bir məsələni anlamalıdır ki, kreditlər məsələsində hələ ki, sui-istifadə edən tərəf xalq yox, banklar və digər "qurumlar"dır. Banka dollarla kredit borcu olan vətəndaş kimi ilk növbədə onu demək istəyirəm ki, mən Azərbaycanda yaşayıramsa, hansı səbəbdən mənə manatla deyil də, dollarla kredit verilir? Bu ölkənin pulu manatdır, yoxsa dollar? İkincisi isə mən krediti dolların köhnə məzənnəsi ilə — 0.78 manatla götürmüşəm və ayda 980 manat ödəniş edirdim. İndi bu məbləğ 1400 manata çatıb. Mən min manat əmək haqqı alıramsa, 1400 manatı necə ödəməliyəm? Mən də maliyyə nazirindən tələb edirəm ki, əmək haqqım dollarla verilsin, yəni 1000 manat yox, 1000 dollar. O zaman da mən kreditimi ödəyim. Hazırda kredit ödəmirəm və heç ödəməyəcəyəm də. Versinlər məhkəmə, əlimdən alınası malım yox, mülküm yox. Bircə quruca canımdır, əgər tutacaqlarsa, hazıram, indidən buyursunlar".
Nara Rəşidova — səhiyyə sahəsndə müfəttiş: "Mənim kreditim manatladır və vaxtı- vaxtında ödəyirəm. Mən məsuliyyətli vətəndaşam, krediti ödəməyən kimi anama zəng edirlər".
Rafiq Qardaşov — mühəndis: "Bizim vaxtında maaşımızı versəydilər, biz də kreditimizi ödəyərdik. Biz bu dövlətin puluna qalmamışıq. Maaş almadığımdan, kreditləri ödəyə bilmirəm".