BAKI, 26 yan – Sputnik. Daşkəsəndə körpüdən aşan avtomobil rayon Mədəniyyət və Turizm Şöbəsinə məxsus olub.
APA-nın verdiyi məlumata görə, bu gün saat 18 radələrində Daşkəsən rayonun Bayan kəndi ərazisində ağır yol nəqliyyat qəzası baş verib. Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri, rayon sakini, 1953-cü il təvəllüdlü Hacı Məmmədov şöbəyə məxsus “Niva Chevrolet” markalı avtomobillə Daşkəsən şəhərindən Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və Qoşqar çayı üzərində olan körpüdən təxminən 20 metr hündürlükdən çaya aşıb.
Qəza zamanı sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini, Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinin rəhbəri Elvin Haqverdiyev isə ağır bədən xəsarəti alıb. O xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.