BAKI, 26 yan — Sputnik. «İnvestisiya layihələri, dövlət sifarişləri azalıb. Əsas dövlət sifarişləri var idi — tikinti, o cümlədən yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi, yollar, rekonstruksiya, təmir-abadlıq. Bu sahədə indi dövlət büdcəsindəki məhdudiyyətlərlə bağlı sifarişlər azalıb. Bu da əlbəttə ki, iş yerlərinin itkisinə gətirib çıxardacaqdı. Bu da baş verdi.»
Bunu Sputnik-ə açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.
İşdən ixtisara düşənlərin taleyinə gəlincə, Sahib Məmmədov deyib ki, "əmək müqaviləsi ilə işləyən şəxslər hansısa kompensasiyalara iddia edə bilərlər. Çünki, Əmək Məcəlləsində göstərilir ki, müəyyən işdə ixtisara düşən işçilərə kompensasiya var. Qeyri-formal əmək sektorunu tərk edənlər üçünsə heç nə yoxdur."
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, keçən ilin əvvəli ilə müqayisədə bu ilin əvvəlinə tikinti sektorunda 25 mindən çox iş yeri bağlanıb. Digər belə sahələr də var: "Dövlət başçısı həmin sahələrdə iş yerlərinin sürətlə bərpa olunması barədə göstərişlər verib. İnfrastruktur layihələri yenə də genişləndiriləcək, bu da arxasınca digər sahələri çəkəcək".
Dövlət Statistika Komitəsinin məlumatında isə bildirilir ki, 2015-ci il dekabrın 1-nə olan vəziyyətə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1504,0 min nəfər olub. Onlardan 879,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 624,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 22,4 faizi təhsil, 19,0 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,2 faizi sənaye, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4 faizi tikinti, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi informasiya və rabitə, 17,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2015-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5 faiz artaraq 462,0 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.