BAKI, 26 yan — Sputnik. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra Dövlət Proqramları elan edilib. Rəsmilər Dövlət Proqramlarının uğurla icra olunduğunu bəyan etsələr də, müstəqil ekspertlər hələ də regionlarda ciddi sosial-iqtisadi problemlərin olduğunu bildirirlər. Üstəlik, iki nəhəng sosial-iqtisadi proqram icra edilməsinə rəğmən, hələ də bölgələr dövlət büdcəsindən ayrılan dotasiya ilə yaşayır.
Bu və digər məsələlər ətrafında Sputnik əməkdaşı iqtisadçı-ekspert Vüqar Bayramovla həmsöhbət olub.
- Vüqar müəllim, regionların sosial-iqtisadi inkişafı üzrə icra olunan dövlət proqramları rayonların inkişafına nə kimi təsir göstərib?
— Dövlət proqramlarının regionlar üçün müsbət təsiri ondan ibarət oldu ki, regionlarda infrastruktur formalaşdırıldı. İnfrastrukturun formalaşması birmənalı şəkildə regionlara investisiyaların cəlbi üçün müəyyən imkanlar vəd edirdi. Amma çox təəssüf ki, infrastrukturun formalaşmasına baxmayaraq, regionlara investisiyaların cəlb edilməsində ciddi irəliləyişlər müşahidə edilmədi. Praktiki olaraq, bu gün regionların investisiyanın cəlb edilməsində payı çox azdır. Bu baxımdan investisiyanın cəlb edilməməsi regionlardakı iqtisadi duruma, eləcə də özəl sektorda iş yerlərinin yaradılmasına təsir göstərir. Ümumi götürsək, dövlət proqramlarının icrası infrastrukturun formalaşmasına səbəb oldu, amma bu, real sektoru canlandırmadı.
- Səbəb?
— Çünki, bizim tədqiqatlar da göstərir ki, burada əsas problemlərdən biri məhz regionlarda biznes mühitinin əlverişli olmaması ilə bağlıdır. Bu da investisiya cəlb edilməsində xeyli çətinlik yaratdı. Təəssüf ki, uzun müddət regionlarda iş adamlarının fəaliyyətinə yersiz müdaxilələr qaldı. Bu da regionların dotasiyalaşma məsələsinin gündəmə gəlməsinə gətirib çıxarmadı.
- Rayonlarımızın büdcəsi varmı? Özləri özlərini dolandıra bilirmi?
— Rayonların böyük bir qismi büdcədən dotasiya alır. Əslində regionların inkişafı proqramları çərçivəsində həyata keçirilən investisiya dotasiya ayrılan rayonların azalmasına gətirib çıxarmadı. Öncə də təklif edirdik ki, rayonlar üçün, xüsusən dövlət proqramlarının yekunlarını qiymətləndirən zaman birmənalı şəkildə konkret meyarlar olsun. Xüsusən rayonlar özəl sektorda nə qədər iş yeri yaradıb, hansı sahələrə investisiya cəlb edib, investisiya mühitini necə yaxşılaşdırıb… Çünki, infrastruktur artıq dövlət büdcəsi hesabına formalaşan fəaliyyətdir. Rayon icra hakimiyyətlərinin özlərinin məsuliyyət və öhdəlikləri olmalıdır ki, biznes mühitini inkişaf etdirə bilsin. O baxımdan biznes mühitinin inkişaf etdirilməsi, investisiyanın cəlb edilməsi, büdcədən dotasiya alan rayonların sayının kəskin azalmasına gətirib çıxardacaq. Ümumiyyətlə biz təklif edirik ki, müqayisəli şəkildə büdcədən dotasiya alan rayonların sayı azalsın. Nəticədə birmənalı şəkildə dotasiya ləğv edilsin. Rayon dotasiya almamalıdır. Rayon öz iqtisadiyyatını inkişaf etdirməklə gəlir əldə etməlidir və əsas məqsəd ondan ibarət olmalıdır ki, investisiyanı cəlb etməklə gəlir əldə edə bilsin.
- Dotasiyalaşmanın ləğvində Azərbaycan hansı ölkənin təcrübəsindən istifadə edə bilər?
— Əslində, Azərbaycanın regionların inkişafında Polşa modelindən istifadə etməsi gözlənilir. Çünki, o zaman bələdiyyələr yaradılanda da bəyan edilmişdi ki, Azərbaycan Polşa modelindən istifadə edəcək. Əvvəlcə bələdiyyələrlə paralel yerli icra hakimiyyəti orqanları fəaliyyət göstərəcək. Sonra isə yerli icra hakimiyyəti orqanları ləğv ediləcək. Bələdiyyələr fəaliyyət göstərəcək. Polşada bu baş verdi. İkili qurum fəaliyyət göstərdi, sonra isə ləğv edildi. Məncə, Azərbaycanda bələdiyyələrin funksiyalarının genişləndirilməsi və seçki yolu ilə seçilmiş bələdiyyələrə rayonun idarəetməsi ilə bağlı bütün səlahiyyətlərin verilməsinə ehtiyac var.
- Rayonlarda ixtisaslaşma getməlidirmi?
— Aqrar sektorda bəzi sahələrin inkişaf etdirilməsinə ehtiyac var. Çox təəssüf ki, Azərbaycanda aqrar sektorun aparıcı sahələrindən biri olsa belə, pambıqçılığın inkişafı diqqət mərkəzində olmayıb. Özbəkistanın təcrübəsi göstərdi ki, pambıqçılıq qısa zamanda ölkəyə investisiya, dollar, valyuta cəlb edilməsinə şərait yaradır. Ona görə də regionlar üzrə kooperasiyaların yaradılması sürətləndirilməlidir. Kooperasiyalara konkret yardımlar edilməlidir ki, pambıqçılıq, üzümçülük, qida sənayesini həyata keçirsinlər. Azərbaycanda pambıqçılıq və üzümçülüyün bərpa edilməsinə ehtiyac var. Çünki, həm daxili, həm də xarici bazarı var. Amma eyni zamanda, qida sənayesi, aqroparkların genişləndirilməsinə ehtiyac var. Məhsulların bazara çıxarılması prosesi reallaşmalıdır ki, fermerlər və eləcə də rayonda fəaliyyət göstərən müəssisələrin gəlirlərinin artırılmasına nail olmaq mümkün olsun.