"50 dolların özü də bir qədər şübhə doğurduğu üçün, hökümət üç senari — optimist, normal və pessimist senari götürmüşdür. Ötən ilin sonunda isə neftin qiyməti pessimist ssenaridən də, yəni 40 dollardan da aşağı düşdü", —deyə iqtisadçı bildirdi.
Onun fikrincə, devalvasiyanın təsirləri çox böyük olub: "Gözlənilən devalvasiya baş verdi. Keçən dəfə də qeyd etdik ki, devalvasiyanın vaxtı çox uzandı və uzandığı üçün də təsirləri böyük oldu. Devalvasiya digər tərəfdən yeni bir situasiya yaratdı. Bu situasiya ondan ibarət idi ki, artıq hökümətin qarşısında əhalinin sosial baxımdan zəif təbəqəsinin qorunması öhdəliyi yarandı. Büdcədən maliyyələşən həkimlərin, müəllimlərin əməkhaqqı artırıldı. Təqaüdlərin baza hissəsi artırıldı. Bu addımlar büdcədə əlavə xərc maddəsinin yaranmasını zərüri elədi".
S. Əliyev bildirib ki, devalvasiya eyni zamanda nəzərdə tutulan dövlət borcu və xidmətlərdə də problemlər yaradır: "Bu gün həm də borclanmaya getmək zərurəti ortaya çıxıb. Bütün bunlar isə büdcəni dəyişdirməyə gətirib çıxaran amillərdir".
Ekspertin fikrincə, gələcəkdə hər şey neftin qiymətindən asılı olaraq dəyişə bilər: "Büdcədə gəlirlərin artırılması planlaşdırılır. Bizdə məlumat yoxdur, ancaq maliyyə nazirinin sözlərinə görə, həm xərc, həm də gəlirlərin artırılması planlaşdırılır. Büdcə məlumatları açıq olmadığına görə tam deyə bilmərəm hansı xərcləri azaldacaqlar. Düşünürəm ki, dövlət sturkturlarına ayrılan xərclərin azaldılması olacaqdı. Hansısa bir dövlət qurumunun ləğv olunması və ya birləşdirilməsini də istisna etmirəm. Yəni hər şey neftin qiymətindən asılı olaraq dəyişə bilər".
İqtisadçı əlavə edib ki, investisiya xərclərinin azaldılması indiki dövrdə iqtisadi aktivliyin aşağı olduğu bir vəziyyətdə bir qədər riskli addımdır: "Əksinə, dövlət investisiya xərclərini artırmalıdır ki, yeni iş yerləri yaradılsın".
Samir Əliyev bildirib ki, hökumət neftin ucuzlaşmasından zərər çəkən dövlət büdcəsini doldurmaq üçün dövlət şirkətlərini qismən və ya tam özəlləşdirməlidir. Onun fikrincə, özəlləşdirmə həm büdcə yükünün azaldılması, həm də keyfiyyətli xidmət baxımından çox vacibdir: "Özəlləşdirməyə, mən düşünürəm ki, iki isitqamətdə baxmalıyıq. Birinci büdcə yükünün azaldılması, ikinci isə effektiv, yəni keyfiyyətli xidmət sahəsinin yaradılması. Bizim təklif etdiyimiz sahələrdən biri də kommunal sektordur. Yəni biz düşünürük ki, kommunal sektor ya özəlləşdirilməlidir, ya da özəl şirkətlərin idarəçiliyinə verilməlidir. Büdcə yükünü azaltmaq üçün mütləq özəlləşdirilməyə getməliyik".
"Azərenerji"nin böyük həcmdə dövlətdən pul götürdüyünü, eyni zamanda xaricdən borc aldığını xatırladan ekspertin sözlərinə görə, bu gün isə "Azərenerji" borcu qaytara bilmir deyə 2016-cı il dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulub: "Bu baxımdan düşünürəm ki, büdcə yükünü azaltmaq üçün mütləq kommunal sektor və digər sektorlar özəlləşdirilməlidir. Beynəlxalq Reytinq Agentliyində Azərbaycanın reytinqi bir o qədər də yüksək deyil. Ona görə dövlət qanunvericiliyi liberallaşdırmalıdır. Xaricilər bura gəlməmişdən öncə çox böyük araşdırmalar aparırlar. Reytinq şirkətlərinin reytinqlərinə baxır və onun əsasında qərar qəbul edirlər".
Sonda maliyyə naziri Samir Şərifovun ekspertlərin pessimist proqnozlar verərək ajiotaj yaratması ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirən Samir Əliyev qeyd edib ki, ən böyük ajiotaj məlumatsızlıqdan yaranır.