BAKI, 26 yan — Sputnik. "Təzminatın verilib-verilməməsi məsələsi bankla müştəri arasında həll olunmalı məsələdir. Biz etiraf etməliyik ki, banklar istehlak kreditlərini xarici valyuta ilə çox yüksək faizlə veriblər, illik 30-35 faizlə. Axı bu 30-35 faizlik kreditləri adamlar banklara ödəyiblər, banklar bundan mənfəət, yüksək gəlir götürüblər. Niyə bunlar əvvəlki illərdə əldə etdikləri yüksək gəlirləri bu gün yaranmış vəziyyətin düzəldilməsinə yönəltmirlər?".
Bu fikirləri maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun 5 min dollaradək kreditləri olan vətəndaşlara güzəştlərin verilə biləcəyi barədə fikrini şərh edərkən səsləndirib. Sosial şəbəkələrdə kreditlərlə bağlı müzakirələrdən misal gətirən nazir deyib ki, dollarla götürülmüş kreditlər bağışlansa, gələcəkdə kimsə yenə gələcək ki, mənim də kreditimi bağışlayın.
"Beləcə, biz presedent yaratmış oluruq. Mən sosial şəbəkədə oxuyuram, bəziləri deyir nəyə görə krediti qaytarmırsız? Cavab verirlər ki, mən güzəşti gözləyirəm, hökumət güzəşt verəcək. Pulu var, amma güzəşti gözləyir", —nazir deyib.
5 min dolların az məbləğ olmadığını vurğulayan nazir, banklara inamsızlığın aradan qaldırılması üçün hökumətin sosial paket təklif etdiyini deyib: "Banklara olan inamsızlığın aradan qaldırılması üçün Milli Məclisin növbədənkənar sessiyası keçirildi ki, əhali banklardan o vəsaitləri çıxarıb aparıb yastığın altına qoymasın. Dövlət qərar qəbul etdi ki, 100% təminat veririk. Bankların əmanətlərinin sığortalanması fondu mövcuddur. Bu fondun fəaliyyəti üçün bankların hərəsi əmanətlərin miqdarından asılı olaraq ora pul ödəyirlər. Bununla da o fondun əmanətlərinin sığorta hissəsi yaradılır".
Onun sözlərinə görə, əmanətlərin sığortalanması fondunda yetəri qədər vəsait olmadığı halda, dövlət Mərkəzi Banka icazə verir ki, əmanətçilərin vəsaitlərini ödəsin: "Dövlət də bunun təminatını verir. Bu, müvəqqəti — 3 illik addım olsa da, böyük bir addımdır".
Samir Şərifovun fikirlərini Sputnik-ə şərh edən bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov deyib ki, həm Mərkəzi Bankın sədri, həm də maliyyə naziri məsələləri tutduqları vəzifəyə uyğun şəkildə dəyərləndirirlər: "Samir Şərifov maliyyə naziri olduğu üçün, dövlət büdcəsinin istənilən artıq xərcinin əleyhinədir. Bu da tam başa düşüləndir. Elman Rüstəmov isə ona görə 5 min manatadək kreditlərin dövlət tərəfindən ödənilməsi məsələsinə baxıldığını demişdi ki, bu, birbaşa onun marağındadır. Çünki həmin pul faktiki olaraq əhaliyə yox, banklara çatacaq".
Bir həftə əvvəl AMB-nin sədri Elman Rüstəmov dollarla kredit götürən şəxslərə güzəşt edilib-edilməyəcəyinə aydınlıq gətirərkən demişdi ki, hazırda bu məsələ iqtisadi komandanın gündəliyinə daxildir və bu istiqamətdə müzakirə gedir. Baş bankir "5 000 dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola bilər. İlkin hesablamalara görə, söhbət 250 milyon manatdan gedir. Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyinin tapılmasıdır" — demişdi.