BAKI, 26 yan-Sputnik. Ölkə ərazisində yağmurlu və küləkli hava şəraiti yanvarın 27-də gündüz saatlarınadək davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Sputnik-ə verilən məlumata görə, sabah yanvarın 24-dən ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur, temperatur əvvəlki günlərlə müqayisədə 6-8 dərəcə aşağı enib. Bu vəziyyət yaxın günlərdə də davam edəcək. Bakı və Abşeron ərazisində yağan qar axşama doğru tədricən kəsiləcək. Amma güclü şimal-qərb küləyi gözlənilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.
Azərbaycanın rayonlarında qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 10-15, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.