BAKI, 25 yan — Sputnik. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli qərarı ilə lisenziyası ləğv olunan “Gəncəbank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb.
Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, banka verilmiş şəhadətnamə ləğv edilib.
Hazırda Fonda üzv bankların sayı 41-dir.
Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, 24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12 %-dir.
Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.
Hazırda Əmanətlərin Sığortalanması Fonduna üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman fond tərəfindən qorunan əmanətlərə görə əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 min manat məbləğində kompensasiya ödənilir.