Uorlikin sözlərinə görə, eyni zamanda həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə işləməyə davam edəcəklər: "Biz xarici işlər nazirləri ilə həll prosesi ilə bağlı təkliflər, təmas xətti və beynəlxalq sərhədlər boyunca gərginliyin artması riskini azaltmaq üçün tədbirlər və Dağlıq Qarabağ icmaları arasında dialoqun təşviqi istiqamətində işləməkdə davam edəcəyik".
Təhlilçilərin fikirncə, ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün uğursuz keçdi. Minsk Qrupunun həmsədrlərinin fəallığına və prezidentlərin ilin sonunda baş tutan görüşünə rəğmən problemin həlli istiqamətində müsbət nəticə əldə olunmadı. Bir sıra politoloqlar 2016-cı ilin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əhəmiyyətli olacağını iddia edirlər. Bəzi ekspertlər isə hazırda dünyada baş verən prosseslərin fonunda böyük dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllində ortaq məxrəcə gəlmək ehtimalının çox az olduğu fikrindədirlər.
Politoloq Tofiq Abbasov Sputnik əməkdaşı ilə söhbətində bildirib ki, Ermənistan sülh istəmir, danışıqları sadəcə olaraq bir proses kimi qəbul edir: "Ermənistan tərəfi ümumiyyətlə sülh prosesinə hazır deyil. Sülh danışıqlarını kritik məqama çatdırmaq istəyirlər ki, nizamasalma prosesi məhv olsun, ya Minsk qrupu dağılsın, ya da formal şəkildə fəaliyyət göstərsin. Əsas dönüş yaradan məqam ondan ibarətdir ki, Ermənistan gərək öz qoşunlarını mübahisəli torpaqlardan çıxartsın. İndi o ərazilər diplomatik baxımdan mübahisəli ərazi sayılır".
Ekspertin sözlərinə görə, qoşunlar orada olana qədər orada heç bir mexanizm işlənə bilməz: "Biz bir məntiqin şahidi oluruq ki, Ermənistan sülh istəmir. Çünki, sülhün sonunda Azərbaycan torpaqlarından çıxmaq və onu qanuni sahibinə qaytarmaq söhbəti var. Ermənilər bunu istəmədiklərindən çalışırlar ki, sülh prossesini iflic vəziyyətə salsınlar".
Politoloq İlqar Vəlizadənin fikrincə, həmsədrlik institutu bölgədə olan-qalan nüfuzunu da itirmək üzrədir. "Həmsədrlər və digər vasitəçilik etmək istəyən tərəflərdən gələn görüş təklifləri kifayət qədər hazırlanmamış çiy təkliflərdir. Ona görə də görüşlər adətən nəticəsiz qalır. Gündəlik olmadan belə görüşlər heç bir nəticə verə bilməz. Həmsədrlər tərəfindən öz işləri bağlı prinsipial dəyişiklik olmasa, ortaya başqa hərəkət tərzini qoymasalar, yəqin ki, bunların da fəaliyyəti qənaətbəxş sayıla bilməz".
Siyasi şərhçi hesab edir ki, beləliklə, həmbölgədə onsuz da aşağı olan nüfuzları kifayət qədər də aşağı enəcək. Bu isə onların fəaliyyətinə əngəllər törədəcək. Ona görədə indi onların əsas məqsədi öz nüfuzlarını bərpa etməkdir. Bunun üçün onlar mütləq ortaya düşünülmüş təkliflər qoymalıdırlar. İlk növbədə Ermənistanı məcbur etməlidirlər ki, bu təkliflər üzərində işləsinlər. Yaxud da bunlarla bağlı öz fikirlərini ya da əks təkliflərini ortaya qoysunlar".
T.Abbasov əlavə edib ki, Ermənistan böyük dövlətlər tərəfindən hər hansı formada ciddi təzyiqlər hiss edərsə, münaqişənin həllində müəyyən addımlar ata bilər: "Amma belə bir tendensiya hələ ki, müşayət olunmur. Ceyms Uorlik və digər diplomatlar təbii ki, istəmirlər onların ünvanına tənqidi fikirlər söylənilsin. Ancaq onlar missiyanın öhdəsindən gələ bilmirlər. Çünki, Ermənistan gərək öz qoşunlarını Azərbaycan torpaqlarından çıxartsın. Bunu da gərək vasitəçi diplomatlar tələb etsinlər. Elə bir mexanizm tapsınlar ki, Ermənistan dözümlülük vəziyyətini yaratsın. Ondan sonra artıq tərəflər oturub kompromisslər əsasında bütün bu məsələlərin hamısını sonda da Qarabağın statusunu müəyyən etsinlər. Minsk Qrupunun səylərinin 2016-cı ildə də hər hansı bir müsbət ümidverici dönüş yaradacağına inanmıram".
Xatırladaq ki, prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin iclasında çıxışı zamanı ötən il İsveçrənin Bern şəhərində prezidentlər arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə baş tutan görüşün formal xarakter daşıdığını deyib.