BAKI, 23 yan — Sputnik. “Bank of Azerbaijan” ASC-nin öhdəliklərinin icrasına, o cümlədən əmanətlər üzrə öhdəliklərinin yerinə yetirilməsinə moratorium tətbiq edilib.
Əmanətlərin Sığortalanması Fondundan APA-ya verilən məlumata görə, bu barədə Mərkəzi Bank tərəfindən Fonda təqdim olunmuş 22 yanvar 2016-cı il tarixli məktubda deyilir.
Qeyd edilir ki, bununla da “Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.9-cu maddəsinə müvafiq olaraq sığorta hadisəsinin baş verməsi və “Bank of Azerbaijan” ASC-nin əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi faktı Mərkəzi Bank tərəfindən təsdiq edilir. Əmanətlərin Sığortalanması Fondu “Bank of Azerbaijan” ASC-də sığorta hadisəsi baş verməsi barədə ictimaiyyəti məlumatlandırır və bildirir ki, 22 yanvar 2016-cı il tarixi “Bank of Azerbaijan” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.
“Əmanətlərin sığortalanması haqqında” qanunun 28.1-ci maddəsinə uyğun olaraq, 7 təqvim günü ərzində “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş Agent banklar, habelə kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək. Fond “Bank of Azerbaijan” ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir. 30 min manatdan çox əmanəti olan əmanətçilərin əmanətləri isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.