BAKI, 22 yan — Sputnik. "Neftin qiymətlərinin azalması. Bizim milli valyutamız ötən on ildə dollara nisbətdə çox dəyər qazanmışdı. Manat 1,3 dollara bərabər idi". Sputnik xəbər verir ki, bunu dünən Davos Dünya İqtisadi Forumu çərçivəsində, "Yeni enerji tarazlığı" mövzusunda keçirilən sessiyada Azərbaycan prezidenti İlham Əliyev deyib.
"Nəticə olaraq bizim məhsullarımızın rəqabətədavamlılığı azaldı və bu, büdcəmiz üzərində artıq yükə çevrildi. Beləliklə, bu, qaçılmaz idi", —deyə dövlət başçısı qeyd edib.
Manatın dəyərdən düşməsi və bahalaşma ilə bağlı ölkədə etirazların başlamasına dair moderatorun sualına isə İlham Əliyev belə cavab verib: "Mərkəzi Bankdakı ehtiyatlarımızın bir hissəsini itirdik. Ancaq bu addımı atmalı idik. Bununla əlaqədar bir sıra narahatlıqlar yarandı. Çünki idxal edilən məhsulların qiymətində dərhal artım oldu. Biz hələ də bəzi məhsullar baxımından idxaldan asılı ölkəyik".
"Bu səbəbdən qiymətlərin artması bir sıra narahatlıqlara səbəb oldu. Bu, kiçik bir etiraz idi. Bunun səbəbi də insanların hazır olmadığı bir stress vəziyyəti yaşaması idi. Amma artıq bu, bitdi və zənn edirəm ki, Azərbaycandakı inkişaf davamlı olacaq", —deyə Prezident vurğulayıb.
Prezident deyib Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına sahib idi: "Son 10 ildə iqtisadiyyatımız 300 faiz artmışdı və zənnimcə bu, bizim üçün bir qədər yüksək göstərici idi. İndi də bu tempin azalması vaxtıdır. Valyuta ehtiyatları ilə biz bu vəziyyətdən çıxacağıq".