BAKI, 22 yan — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) verilən məlumata görə, iyun ayında Bakıda keçiriləcək "Formula 1" yarışına bu günədək satılmış biletlərin 65%-ni əcnəbilər alıblar. Rusiya, İngiltərə, Ukrayna, Niderland Krallığı və Finlandiyadan olan "Formula 1" həvəskarları bilet alışında böyük fəallıq nümayiş etdiriblər.
Məlumata əsasən, Avropa Qran Prisini Bakıda canlı izləmək istəyən tamaşaçılara müxtəlif qiymətdə və çeşiddə 30 minə yaxın bilet təklif olunur. Formula 1 həvəskarları, start-finiş xəttini yaxından izləmək imkanı verən “Abşeron” tribunası və digər tribunalarla yanaşı trek boyunca düzünə və döngələrdə təşkil olunmuş ayaqüstü zonalara aid fərqli bilet paketlərindən istədiklərini ala biləcəklər. Azərbaycan vətəndaşlarına biletlərin qiymətində 20 %-dən 40 %-dək endirimlər nəzərdə tutulub. Ətraflı məlumatı rəsmi internet səhifəmizdən www.tickets.bakucitycircuit.com əldə etmək olar.
BŞH-nin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai, Azərbaycanda ilk dəfə keçiriləcək "Formula 1" yarışını həm şəhər sakinləri, həm də xaricdən gələcək turistlər üçün yadda qalan etmək və yarış ərəfəsində Bakıda festival ab-havası yaratmaq məqsədilə əməliyyat şirkətinin bütün imkanları səfərbər etdiyini deyib: “Cümə, şənbə və bazar günlərindən ibarət olan yarış həftəsonu zamanı yarışı izləməyə gələn tamaşaçılar Bakının dənizkənarı bulvarında qurulacaq Formula 1 şəhərciyində gözəl vaxt keçirə biləcəklər. Biz burada müxtəlif yaş qrupları üçün fərqli əyləncə tədbirləri, o cümlədən yerli və xarici estrada ulduzlarının iştirakı ilə konsert proqramları təşkil edəcəyik. İsti yay günlərində həftəsonunu ailəsi ilə birgə keçirmək istəyənlər üçün burada əvəzolunmaz imkanlar olacaq.”