BAKI, 21 yan — Sputnik. Son 10 ildə bizim milli valyuta dollara qarşı çəki əldə etmişdi.
Sputnik-in məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Davos Forumu çərçivəsində “The new energy equation” adlı panel müzakirəsində çıxışında deyib.
Dövlət başçısı bildirib ki, bu, həm də bir qədər qeyri-təbii idi:
“1 manat 1,3 dollar idi. Birinci devalvasiya manatla dolları bərabər etdi. İkinci devalvasiya isə həm də qonşu ölkələrin milli valyutalarının düşməsi səbəbi ilə baş verdi. Çünki bu səbəbdən bizim məhsullar rəqabət gücündə olmurdu. Bu isə bizim büdcəyə əlavə yük idi. Mümkün qədər müqavimət göstərməyə çalışırıq. Milli bank ehtiyatımızdan bir qədər itirməli olsaq da, bu tədbirləri görməli idik. Bu səbəbdən də əhali arasında müəyyən narahatlıqlar yarandı. Çünki bu bizim idxal etdiyimiz məhsulların qiymətinə dərhal təsir etdi. Biz hələ də müəyyən məhsullarla bağlı xarici bazardan asılı ölkəyik. İnsanlarımız qiymətlərin qalxmasına hazır deyildilər.
Ancaq indi bu mərhələ bitib. Düşünürəm ki, Azərbaycanda iqtisadi inkişaf dayanıqlı olacaq. Bizim iqtisadiyyatımız dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri idi — son 10 ildə 300 faiz gəlir. Bu, böyük rəqəmdir. Ancaq tsikl indi aşağı düşür. Bununla belə, düşünürəm ki, hazırkı ehtiyatlarımız bu vəziyyəti idarə edəcək”.